MƏDƏNİYYƏT

İncəsənət muzeyinin Novruz tətilində Bakı sakinlərinə hədiyyəsi

Bayram günlərində bütün arzu edənlər Azərbaycan Milli İncəsənət Muzeyində açılmış "Novruz ahəngi" sərgisi ilə tanış ola bilərlər. Ekspozisiyada müxtəlif metal məmulatlar, bədii tikmə, xalça, milli geyim nümunələri və Azərbaycan rəssamlarının əsərləri toplanıb.
Sputnik

BAKI, 17 mart — Sputnik, Kəmalə Əliyeva. Bayram günlərində bütün arzu edənlər Azərbaycan Milli İncəsənət Muzeyində açılmış "Novruz ahəngi" sərgisi ilə tanış ola bilərlər. Bu barədə Sputnik Azərbaycan-a muzeydən bildiriblər.

Ekspozisiyada müxtəlif metal məmulatlar, bədii tikmə, xalça, milli geyim nümunələri və Azərbaycan rəssamlarının əsərləri toplanıb. Sərgidə Maral Rəhmanzadə, Altay Hacıyev, Davud Kazımov, Eyyub Məmmədov, Mahmud Tağıyev, Sadıq Şərifzadə, Sara Manafova, Vəcihə Səmədova, Orxan Hüseynov və bir çox başqa fırça ustalarının əsərləri təqdim olunur. Ekspozisiyanı bəzəyən əsərlər arasında Azərbaycan xalq rəssamı Səttar Bəhlulzadənin rəngarəng peyzajları da var.

Bundan əlavə, ziyarətçilər xalq rəssamı Bədurə Əfqanlının Dövlət Mahnı və Rəqs Ansamblı üçün hazırladığı Azərbaycan milli geyim eskizləri ilə də tanış ola bilərlər.

Sərgi mart ayının sonuna qədər davam edəcək. Bu, Novruz bayramı tətilini faydalı keçirmək üçün əla imkandır.