CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Əfsanəvi Vaqif Mustafazadənin evindən qeydlər

Vaqif Mustafazadə əsl sənətkar ömrü yaşadı: çətin və maneələrlə dolu. O, həqiqətən də caz dünyasının ən sadiq və bənzərsiz cəngavərlərindən idi. Sağlığında layiq olduğu qiyməti almasa da, indi bunun əvəzi tam şəkildə ödənilir.
Sputnik

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 16 mart — Sputnik. Azərbaycanın caz sənətindən söz düşəndə ilk növbədə o yada düşür. Bütün çətinliklərə rəğmən XX əsr milli musiqimizə tamamilə yeni ruh və abu-hava gətirdi. Söhbət əfsanəvi cazmen Vaqif Mustafazadədən gedir. Bəstəkar, pianoçu, caz-muğam üslubunun banisi 16 mart 1940-ci ildə Bakı şəhərində İçəri Şəhərdə anadan olub. Biz də Vaqifi anmaq üçün yollandıq onun xatirələri ilə dolu ev muzeyinə.

Vaqif Mustafazadənin ev muzeyinin direktoru, eyni zamanda Vaqif Mustafazadə adına Xeyriyyə Fondunun rəhbəri və cazmenin dayısı qızı Afaq Əliyeva nəhəng musiqiçinin ev muzeyinin yaranma tarixindən Sputnik Azərbaycan-a danışıb:

"1979-cu ildə Vaqif Mustafazadə vəfat edəndən sonra onun anası Zivər xanım yeganə oğlunun ev muzeyinin yaradılması üçün o dövrkü aidiyyatı qurumlara müraciət edib. Zivər xanıma Polad Bülbüloğlu dəstək oldu və 1989-cu ildə Vaqif Mustafazadənin memorial muzeyi açıldı. Əvvəllər evin bir hissəsi yaşayış binası idi. Sonradan o insanları başqa yerə köçürdülər. Zivər xanım həmin evin müdiri oldu. Muzeydə gördüyünüz eksponatların böyük bir hissəsini Zivər xanım toplayıb. Zivər xanım hər ilin 16 dekabrında və 16 martında bu muzeydə onunla bağlı tədbirlər təşkil edirdi".

Üzeyir bəyin tələbəsi olan Zivər xanım 1997-ci ildə vəfat edib. O, vəfatından əvvəl bu muzeyi qardaşı qızına vəsiyyət edib: "Zivər xanım mənim bibim idi. Moskvada yaşayırdım, 1994-cü ildə Bakıya gəldim ki, anam və bibimə yardım edim. Zivər xanım dedi, "bilirəm ki, mən olmayanda Vaqifin eksponatlarını sən qoruyacaqsan". O, ölümündən 2 ay öncə məni notariusa apardı, vəsiyyətnamə yazdı. Muzeyin yarısı Zivər xanımın evi idi. Həmin evi də Zivər xanım mənim adıma köçürdü. Ona dedim ki, axı sənin nəvələrin var, Lalə və Əzizə. Dedi, "heç nəvələrim gəlir ki? Hanı nəvələrim, heç gəlmirlər". Vaqifin böyük qızını 1991-ci ildə Fransaya göndərmişdim. 1993-cü ildə Əzizə anasıyla Almaniyaya getdi. Onlar oxuyurdular, işləyirdilər. Zivər xanımın yanına hərdənbir gəlirdilər".

Əfsanəvi Vaqif Mustafazadənin evindən qeydlər

Zivər xanım qardaşı qızına vəsiyət edəndən sonra Afaq xanım Vaqif Mustafazadə adına Xeyriyyə Fondunu təşkil edir: "1997-ci ildə Ədliyyə Nazirliyinə müraciət etdim. Onlar dedilər ki, bu mümkün deyil. Həmin il Müslüm Maqomayev Bakıya gəlmişdi. Çox yaxın dost idik Müslümlə. Dedim ki, mən istəyirəm Vaqifin fondunu açam. O da mənə dedi ki, "Afa, mən iki gün sonra Heydər Əliyevlə görüşəcəm. Sən məktub yaz, məktubu Heydər Əliyevə təqdim edərəm. Xahiş edərəm ki, sənə kömək etsin".

Məktub ulu öndərə çatandan 2 gün sonra Ədliyyə Nazirliyi Fondun yaradılması üçün Afaq xanıma kömək edir: "Hələ onda Zivər xanım sağ idi və fondun təsisçisi oldu. 1997-ci ilin yanvarın 25-ində vəfat etdi. Mən caz musiqiçilərini axtarmağa, onlara kömək etməyə başladım. Həmin vaxt çox çətin vaxt idi. Onlara texniki avadanlıqlar, musiqi alətləri aldım. Görkəmli bəstəkar Fikrət Əmirovun oğlu Cəmil Əmirova kömək elədim, onun "Nostajı" adlı albomu işıq üzü gördü. 2000-ci ildə Polad Bülbüloğluna müraciət elədim ki, Vaqif Mustafazadənin 60 illiyidir, muzeyi təmir etmək lazımdır. Mənə dedi ki, muzeyi təmir etməyə pul yoxdur, amma tədbir keçirə bilərik. 2000-ci ildə o vaxtkı Respublika sarayında Vaqifin 60 illiyini qeyd elədik. Baxdım ki, nə nazirlik, nə də fond muzeyin təmirinə kömək edə bilmir".

Afaq xanım 2004-cü ildə muzeyi öz hesabına təmir və restavrasiya elətdirib. 2005-ci ildə isə muzeyin açılışı olub.

"Açılışa Prezident İlham Əliyevi də dəvət etmişdim. Onun Çinə rəsmi səfəri olduğundan gələ bilməmişdi. Polad müəllimdən soruşub ki, həmin muzey nazirliyin hesabına təmir olunub? O da deyib yox, Vaqif Mustafazadənin dayısı qızı Afaq xanım öz hesabına təmir edib. Prezident buna görə mənə ev bağışladı və mən də həmin muzeyi dövlətə bağışladım, oldu dövlət muzeyi. Həmin muzey Musiqi Mədəniyyət Muzeyinin filialı oldu. 1999-cu ildə ilk diski, daha sonra 2007-ci ildə 2-ci "Yollar" adlı disk çıxdı. Daha sonra 5 disk işıq üzü gördü".

Məlumat üçün bildirək ki, Vaqif 1963-cü ildə Asəf Zeynallı adına Bakı Musiqi Kollecini bitirib, Bakı Musiqi Akademiyasına daxil olur. İlk məşhurluq da elə bu zaman gəlir. Vaqif burada kiçik konsertlər verir, klublarda çıxış eləyirdi. O, əsasən klassik caz, bluz və oynaq mahnılar ifa edir. 1963-cü ildə təhsilini başa vuran Vaqif Mustafazadə cazın daha sərbəst pərvəriş tapdığı bir məkana - Tbilisiyə yollanır və tez bir zamanda məşhurlaşır.

Deyilənə görə, afişalarda Vaqifin soyadı hətta Mustafadze kimi yazılırmış. Tbilisidə yaşadığı illərdə o, əvvəlcə məşhur "Orero" ansamblı, daha sonra isə yaratdığı "Qafqaz" triosu ilə Moskvada, bir sıra sovet respublikalarında qastrol səfərlərində olur, "Tallin-66", "Tallin-67 " Beynəlxalq Caz Festivallarında iştirak edir. Görkəmli caz mütəxəssisi Uillis Konover Vaqifin ifasını Tallində eşitdikdən sonra onu caz aləmində müqabili çətin tapıla biləcək qeyri-adi, ən lirik pianoçu adlandırmışdı. O, demişdi:

"Heyf ki, artıq Qerşvin yoxdur. Sizin çalğınızın əsl qiymətini yalnız o verə bilərdi".

1968-ci ildə görkəmli bəstəkar Bakıya qayıdır. Onun səylərinə ilk dəstək verənlər sırasında Azərbaycan Bəstəkarlar İttifaqı da var idi. Bu məqsədlə hətta Bəstəkarlar İttifaqının sədri Qara Qarayevin təşəbbüsü ilə Vaqif Mustafazadə və Rafiq Babayevin yaradıcılığı nümunəsində çoxlarının xatirində unudulmaz iz qoymuş bir caz gecəsi, daha doğrusu, konsert-mühazirə keçirilmişdi. Tədbirdə cazın mahiyyəti, tarixi barədə çox maraqlı fikirlər söyləyən Qarayevin bu çıxışına ciddi-cəhdlə hazırlaşmasına onun aşağıdakı sözləri dəlalət edirdi:

"Mən caz haqqında ümumi təsəvvürə malik olduğuma görə, bu konsertə gəlməzdən əvvəl əlavə məlumatlar toplamalı oldum. Ona görə də bütün gecəni caz haqqında bir sıra maraqlı kitablar oxudum".

Tezliklə Vaqif Mustafazadə İttifaqın nəzdində "Leyli" adlı ilk vokal caz kvarteti yaradır. Vaqifin bəstəkarlıq istedadına, yaradıcılığına yüksək qiymət verən Qara Qarayevin, Tofiq Quliyevin ciddi səylərinə baxmayaraq, onu istisna şəklində (ali bəstəkarlıq təhsili əsas şərt olaraq indi də qalmaqdadır) SSRİ Bəstəkarlar İttifaqına üzv qəbul etmək mümkün olmur. "Leyli" kvarteti bir müddət sonra Azərbaycan Televiziya və Radio Komitəsinin nəzdinə keçir və "Sevil" kvarteti adlanmağa başlayır. Bu kollektivlə də işləyən zaman Vaqifin həm ifaçı, həm aranjimançı, həm də bəstəkar kimi böyük istedadı parlaq üzə çıxır.

Vaqif Mustafazadə ilk dəfə Uillis Konoverlə 1966-67-ci illərdə Tallində Beynəlxalq caz festivalında çıxış edərkən görüşür. U.Konover onun pianoda ifalarını eşitdikdən sonra deyir:

"Vaqif Mustafazadə dünyanın ən yaxşı pianoçularından biridir".

1978-ci ildə Vaqif Mustafazadə özünün bir il öncə yaratdığı "Muğam" caz qrupu və 8 yaşlı kiçik qızı Əzizə ilə "Tbilisi-78" Ümumittifaq Caz Festivalında çıxış edir. Bu Festivalda o, laureat adına, Balaca Əzizə isə xüsusi mükafata layiq görülür. Məhz bu festivaldan sonra nüfuzlu caz dairələrində Vaqif haqqında caza tamamilə yeni bir üslub - muğam təfəkkürünü, nəfəsini gətirmiş bir cazmen kimi danışmağa başladılar. Bu uğur onun planlarını birə-beş artırmışdı. O, öz cazını daha geniş məkanda, SSRİ hüdudlarından kənarda da təbliğ etmək əzmində idi. Lakin çox təəssüf ki, Vaqif dünya caz səhnəsində çıxış edib öz məharətini göstərə bilmədi. Bu fürsət yalnız bir dəfə - Polşada olarkən ələ düşmüşdü. Vaqif Mustafazadə gənc yaşlarından bu radio vasitəsilə "Amerikanın səsi"ni dinləyirdi. Bu verilişin aparıcısı isə məşhur amerikan musiqiçisi və caz musiqi tənqidçisi Uilis Konover (Willis Conover) idi. Sovet dövründə qadağaların olmasına baxmayaraq, Vaqif radionun səsini yavaş edərək öz sevimli caz musiqiçilərinə qulaq asardı.

Əfsanəvi Vaqif Mustafazadənin evindən qeydlər

1985-ci ildə Vaqif Mustafazadənin ifaları yenidən Uillis Konoverin verlişində səslənir. Bu dəyərli materiallar Amerika və Azərbaycan Mədəniyyət Əlaqələri Fondunun prezidenti Cəmilə Cavadova-Spitsberq tərəfindən Şimali Texas Universitetinin arxivindən əldə edilərək Afaq xanıma göndərilib. Afaq Əliyevanın təşəbbüsü ilə Moskvada həmin səs yazılarından ibarət musiqi albomu buraxılıb.

Vaqif Mustafazadə əsl sənətkar ömrü yaşadı: çətin və maneələrlə dolu. O, həqiqətən də caz dünyasının ən sadiq və bənzərsiz cəngavərlərindən idi. Sağlığında layiq olduğu qiyməti almasa da, indi bunun əvəzi tam şəkildə ödənilir. Vaqifin musiqisi daim səslənir. Mustafazadə soyadını hazırda dünya caz aləminin parlaq ulduzlarından bir - Vaqifin qızı Əzizə onu məharətlə yaşadır..