RUSİYA

Rusiya aviaşirkətləri biletlərin qiymətlərini qaldıracaq

Aviaşirkətlər daxili reyslərdə qiymətləri artırmaqla xarici reyslərin olmamasından məruz qaldıqları itkiləri kompensasiya etməyə çalışırlar.
Sputnik

BAKI, 16 mart — Sputnik. Ekspertlər Rusiya aviaşirkətlərinin təyyarə biletlərinin qiymətini artacağını proqnozlaşdırır. Sputnik Azərbaycan Rusiya medaisına istinadla xəbər verir ki, buna səbəb cari ilin mart ayında aviasiya yanacağının qiymətinin bir neçə faiz artımıdır.

Mütəxəssislərin apardığı araşdırmalar nəticəsində məlum olub ki, 2021-ci ilin martın 5-dən 16-na qədər Rusiyanın 20 hava limanında, o cümlədən Tümen, Yekaterinburq, Nijni Novqorod, Rostov, Anapa, Soçi və Krasnodarda aviasiya yanacağının qiyməti 6-9% artıb.

Bu məlumatı "Smartavia" və "Ural hava yolları" şirkətlərin nümayəndələri də təsdiqləyib. Sonuncunun məlumatına görə, hava limanlarında yanacaq qiymətləri orta hesabla 6-7% artıb.

Rusiyanın "Red Wings" şirkətindən isə bildiriblər ki, kerosinin qiymətinin hazırkı artımı cari ildə baş verən ilk hal deyil. Lakin qiymətlərdə mart ayında baş verən dəyişikliklər daha çox diqqətə çarpır. Şirkətdən onu da bildiriblər ki, bu təyyarə biletlərinin qiymətini də artıra bilər.

Mütəxəssislər bildirirlər ki, dünya bazarında neftin qiyməti və daşımaların həcmi artdıqca yanacağın da qiyməti arta bilər. Bununla əlaqədar olaraq yay mövsümündən əvvəl aviasiya kerosininin də qiymətinin yüksələcəyini proqnozlaşdırırlar.

Mart ayının 10-dan Rusiyanın "Aeroflot" şirkəti daxili reyslərdəki yanacaq haqqını 10% artırıb. Belə ki, "ekonom" biletlərdə yanacaq haqqının həcmi 1650 rubla, "biznes" tarifi biletlərində isə 300 rubl olub.

Bir müddət əvvəl xarici reyslərin azlığı şəraitində aviabiletlərin qiymətlərinin artımı barədə artıq məlumat verilmişdi. Mütəxəssislərin fikrincə beynəlxalq reyslər təklifinin azlığı daxili marşrutlarda qiymət artımına gətirir. Belə ki, aviaşirkətlər daxili reyslərdə qiymətləri artırmaqla xarici reyslərin olmamasından məruz qaldıqları itkiləri kompensasiya etməyə çalışırlar.