Nigar İsgəndərova, Sputnik Azərbaycan
BAKI, 16 mart — Sputnik. Elə peşələr var ki, onlar sırf kişilər üçün spesifikdir. Bu sahədə zərif cinsin nümayəndəsinin işləyəcəyini düşünmək ağlasığmazdır. Amma bəzən mümkünsüz də mümkün olur, həmsöhbətimiz Əminə Hüşənovanın seçimi kimi. Qarmon üzrə təhsil alan, musiqi təhsilini qırmızı diplomla bitirən Əminə illərdir gəmiqayırma sahəsində mexanik olmağı arzulayır. Bu gün o, uşaqlıq arzularına bir addım daha yaxındır.
Sputnik Azərbaycan gəmiqayırma sahəsində mexanik vəzifəsində çalışan ilk qadın kimi tarixə düşməyə hazırlaşan Əminə Hüşənova ilə söhbətləşib. 18 yaşlı Əminə Azərbaycan Dövlət Dəniz Akademiyasının 1-ci kurs tələbəsidir.
Əminə deyir ki, uzun illərdir, bu sahəyə maraq göstərir: "Azərbaycan Dövlət Dəniz Akademiyası hər zaman diqqətimi çəkib. Demək olar ki, uşaqlıqdan orada təhsil almağı, mexanik olmağı düşünürdüm. Elə ona görə də ixtisas seçimi zamanı ilk növbədə buranı seçdim. Hazırda "Gəmi Mexanikası və Elektromexanikası" fakültəsində "Gəmi energetik qurğularının istismarı mühəndisliyi" ixtisası üzrə 1-ci kurs tələbəsiyəm. Eyni zamanda Tələbə Həmkarlar İttifaqı Komitəsində katibə vəzifəsini icra edirəm. Bu peşədə çalışacağımdan böyük qürur hissi keçirirəm".
O, bu ixtisasla bağlı müəyyən məlumatlar toplayır, iş mexanizmi ilə maraqlanırmış. Xüsusən də dənizçi formasını çox bəyənirmiş: "Anam tibb bacısıdır, o, hərbi sahədə çalışır. Onun hərbi tibb bacısı olması mənim formaya sevgimi daha da artırıb. Forma həm də böyük məsuliyyət deməkdir. İxtisasla bağlı seçim edərkən anamla da məsləhətləşdim. Anamla rəfiqə kimi olduğumdan nəsə qərar verməzdən öncə mütləq onunla məsləhətləşirəm, o da hər zaman mənə dəstək olur. Düzdür, bu qərarıma görə qohumlar arasında bir-iki nəfər mənə qarşı çıxdı, onlar bu peşənin qadına uyğun olmadığını desələr də, həmişəki kimi anam yanımda oldu, dəstək verdi".
Anası ilə yanaşı, atası da onun gəmiqayırma sahəsində mexanik kimi çalışmaq istəyinə etiraz etməyib.
Bu peşənin qadınlara xas olmadığı kənardan deyilsə də, həmsöhbətimiz bu fikirlərlə razı deyil. O düşünür ki, bu peşə elə ona görədir. "Düşünürəm ki, mənim üçün bundan gözəl bir peşə ola bilməz. Yəni, özümü başqa bir peşədə, sahədə görə bilmirəm. Çətin olsa da, gəmi mexaniki olmaq həm də qürurvericidir. Həyat elə çətinliklərlə gözəldir", - deyən həmsöhbətimiz düşünür ki, bundan sonra da ailəsi yanında olacaq və hər bir çətinlikdə ona dəstək olacaq.
Əminə deyir ki, peşəsinin çətin olmasının bir səbəbi də "motorxana" adlanan yerdə mühərriklərin və digər mexanizimlərin çox yüksək səslə işləməsidir: "Amma bu məni qorxutmur. Hər bir xanım, mənim fikrimcə, istədiyinə nail ola bilər, bunun üçün sadəcə məqsəd və istək lazımdır".
O, işinin əsas xüsusiyyətlərindən danışır: "Biz bir mexanik olaraq gəminin mühərriyini işə salmalı, onun qaydada olub-olmamasını yoxlamalıyıq. Gəmidə hansısa bir problem varsa, onu aradan qaldırmalıyıq. Gələcək planlarıma gəldikdə isə yenə də peşəmdən danışa bilərəm. Özümü bu sahədə daha da təkmilləşdirəcəyəm. Azərbaycanda gəmiçilik sahəsində ilk mexanik xanım kimi adımı tarixə yazdıracağıma inanıram. Bunun üçün də əlimdən gələni edəcəm. Əsas güvəndir, özümə güvənirəm".