BAKI, 15 mart — Sputnik. Təhsil Nazirliyi təhsilin keyfiyyətinə təsir edən amilləri öyrənmək məqsədilə sorğu keçirir. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Təhsil naziri Emin Əmrullayev "Facebook" səhifəsində yazıb.
Nazir qeyd edib ki, təhsilin keyfiyyətinə müxtəlif amillər təsir edir.
"Təhsil Nazirliyi üçün bu amillərin prioritetləşdirilməsi olduqca vacibdir. Bu məqsədlə geniş təhsil ictimaiyyətinin (müəllimlər, valideynlər, təhsil işçiləri) fikrini öyrənməyi faydalı hesab edirəm. Sorğudakı bəndlərin hər biri təhsil prosesinin keyfiyyətli təşkili baxımından mühüm əhəmiyyətə malikdir. Seçdiyiniz bəndi rəy bölməsinə qeyd etməklə, yaxud keçidə daxil olmaqla sorğuda iştirak edə bilərsiniz. Hər birinizə iştirakınıza görə təşəkkür edirəm".