CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Əlimi vurdum torpağa, çəkdim sifətimə - 28 il sonra Ağdama qədəm basan sakin

Martın 13-də Ağdama səfər edənlərin arasında Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı da vardı.Martın 13-də Ağdama səfər edənlərin arasında Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı da vardı.
Sputnik

Emin Əlisahib, Sputnik Azərbaycan

BAKI, 15 mart — Sputnik. Martın 13-də Ağdama səfər edənlərin arasında Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı da vardı. 13 avqust 1957-ci ildə Ağdam rayonunun Papravənd kəndində anadan olan, 28 il sonra Ağdama ayaq basan Akif Nağı Sputnik Azərbaycan-a tamamilə fərqli hisslər yaşadığını bildirib:  “Ağrı ilə, həyəcanla gəldim ki, görən, necə olacaq? İçimdə 28 ilin həsrəti vardı. Yolboyu düşündüm ki, görəsən, o yerləri görəndə özümü saxlaya biləcəm, yoxsa yox... Kövrəlib, ağladım. Amma əsas hissim qürur hissi idi. Qürur hissi idi ki, torpağıma qayıtmışam. Ayağım, əlim öz torpağıma dəydi. Əlimi vurdum torpağa, çəkdim sifətimə. Üzümə vurdum o müqəddəs torpaqdan. Bir az da götürmüşəm. Novruz bayramında, həm də qara bayram deyirlər, bizdə, dünyasını dəyişən yaxınlarımızın qəbirlərini ziyarət edəcəyik. Onların qəbrinin üstünə tökəcəm ki, onların da ruhu şad olsun. Bu qələbəni bizə yaşadan hər kəsə minnətdaram.  Azərbaycanın dövlət rəhbərliyinə təşəkkür edirəm. Əsgərlərimizə təşəkkür edirəm. Fəxr edirik ordumuzla. İndi qürur hissi ilə yaşayıram ki, torpağıma qayıtmışam”.

Əlimi vurdum torpağa, çəkdim sifətimə - 28 il sonra Ağdama qədəm basan sakin

“Ağdam xarabalığa çevrilib. Dünya bunu görməlidir, - Akif Nağı deyir.  - Ağdamın hər küçəsini dağıdıblar ermənilər. Erməni vəhşiliyidir bu. Dünyada heç bir hadisə ilə əvəz olunmayacaq qədər ağır bir vəhşilikdir. Burada qəbirlər də dağıdılıb. Sanki goreşəndirlər. Özləri özlərini ifşa edirlər dünyanın gözündə. Dünyada belə hal birinci dəfədir ki, yaşanır. Dünyada fatehlər də olub, müharibələr də olub, torpaqlar da işğal olunub. Bu qədər dağıntıya heç bir yerdə rast gəlinməyib.  Evi burada olanlar var, ağdamlılar var gələn nümayəndələrin içində, ancaq evlərin tapa bilmirlər. Bu vəhşiliyi biz həm də dünyaya göstərməliyik ki, biz necə bir düşmənlə üz-üzəyik”.

Akif  Nağı əlavə edib ki, Ağdama səfər edən nümayəndələrin şahidi olduğu hər kadr erməni vəhşiliyinin sübutu və dünya birliyinin hələ də məsələyə ədalətsiz yanaşmasının bariz nümunəsidir.