HADİSƏ

Minaya düşən şuşalı: "Əsgərlərimiz olmasalar, ölmüşdüm" - FOTO

"Möhkəm partlayış oldu. Gözlərimi açanda ayağım yox idi. Həmişə orada qoyun otarırdım. Necə oldusa, bilmədim". Xocavənd rayonunun işğaldan azad edilmiş ərazisində minaya düşən İman Baxşəliyev Sputnik Azərbaycan-a danışıb.
Sputnik

Emin Əlisahib, Sputnik Azərbaycan

BAKI, 15 mart — Sputnik. Xəbər verdiyimiz kimi, 1980-ci il təvəllüdlü İman Baxşəliyev Xocavənd rayonunun işğaldan azad edilmiş ərazisində minaya düşməsi nəticəsində ayağının birini itirib.  Zərərçəkən Sputnik Azərbaycan-a danışıb. O bildirib ki, qoyun otararkən minaya düşüb və nəticədə çoxsaylı xəsarətlər alıb: “Xocavənd rayonu tərəfdə qoyun otarırdım.  Qoyunun arxasınca getmək istəyirdim ki, minaya düşdüm. Gündəlik qoyun otardığımız yer idi. Heç ağlıma da gəlməzdi ki, minaya düşəm”.

Müsahibimiz hadisə vaxtı ərazidə tək olduğunu bildirib: “Xeyli uzaqda əsgərlərimiz vardı. Köməyimə onlar gəldilər. Onlar olmasalar, indi ölmüşdüm. Sağ olsunlar, köməklik etdilər. Xəstəxanaya gətirdilər. Gözlərimi açanda ayağımın birinin olmadığını gördüm. Yenə də şükür edirəm ki, sağ qalmışam”.

Ağcabədi rayon Mərkəzi xəstəxanasının həkim-cərrahı Azər Sadıqov Sputnik Azərbaycan-a xəstənin son vəziyyəti ilə bağlı açıqlama verib. O bildirib ki, İman Baxşəliyev Şuşa şəhər sakinidir və martın 13-də saat 17 radələrində heyvan otarakən mina partlaması nəticəsində aldığı xəsarətlərlə xəstəxanaya gətirilib.

“Sağ baldırın orta üçdə biri və ətrafın travmatik qopması və sol budun yuxarı üçdə birinin, sol əlin qəlpə yaralanması diaqnozu ilə xəstəxanamıza daxil olub. İlkin tibbi yardım göstərilib. Qısa müddətdən sonra xəstə əməliyyata götürülüb. Sağ baldırın yuxarı üçdə bir hissəsindən ətraf amputasiya edildi. Yaralar işlənildi. Hazırda xəstənin həyati təhlükəsi yoxdur”.

Qeyd edək ki,  yaralı hazırda Ağcabədi rayon Xəstəxanasında müalicəsini davam etdirir. Baş verən hadisə ilə bağlı Xocavənd rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.