Yaponiya uçan avtomobillərdən istifadəyə keçəcək

Hökumət nümayəndələri ümid edirlər ki, bu yolla ölkədə logistika problemləri qismən aradan qalxacaq və yolların həddən artıq yüklənməsinin qarşısı alınacaq. Yeni avtomobillər həmçinin uzaq adalara və əhalisi az olan regionlara gediş-gəlişi rahatlaşdıracaq
Sputnik

BAKI, 15 mart — Sputnik. Yaponiya hökuməti artıq 2023-cü ildə yeni nəsil hava avtomobillərinin praktiki tətbiqinə başlamaq niyyətindədir.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən bildirir ki, elektrik mühərriki ilə təchiz olunmuş "uçan avtomobillər"də pilotsuz uçuş aparatlarında tətbiq olunan texnologiyadan istifadə olunacaq. Hökumət nümayəndələri ümid edirlər ki, bu yolla ölkədə logistika problemləri qismən aradan qalxacaq və yolların həddən artıq yüklənməsinin qarşısı alınacaq. Yeni avtomobillər həmçinin uzaq adalara və əhalisi az olan regionlara gediş-gəlişi rahatlaşdıracaq.

Bu məqsədlə yaradılacaq yeni qurumun əməkdaşları nəqliyyat vasitələrinin təhlükəsizlik standartlarını və "uçan avtomobillərin" gələcək pilotlarına lazım olacaq vərdişləri öyrənəcəklər.

Bundan əlavə, yeni ofisdə həmin nəqliyyat vasitələrinin qeydiyyat planı və əməliyyatların idarə olunması sxemləri tərtib olunacaq.

Yeni strukturun bəzi işçiləri Fukusima prefekturasındakı sınaq poliqonunda sınaq uçuşlarının təşkili və yeni texnologiyaların işlənib hazırlanması ilə məşğul olacaqlar.