CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Təəssüf ki, peşəkarlığa görə deyil, məhz qadın usta olduğun üçün səni seçirlər"

"Əvvəllər heç əlimdə qayçı tutmağı da bacarmırdım. İşsiz idim, hər hansı bir işə ehtiyacım var idi. Demək olar ki, hər gün iş axtarırdım. İlk qarşıma çıxan iş bərbər köməkçisi oldu".
Sputnik

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 15 mart — Sputnik. Qadın olmaq həm də güclü olmaq deməkdir. Xüsusən də övladlarını təkbaşına böyüdən qadınlar digərləri ilə müqayisədə daha güclü olur, özləri pul qazanaraq sərbəst ayaq üstdə durmağı bacarırlar. Peşəsindən asılı olmayaraq, bu gün kişilərlə müqayisədə qadınların, demək olar ki, hər bir addımı diqqətlə izlənilir, bəzən səbəbli, bəzən də səbəbsiz yerə qınaq obyektinə çevrilir. Xüsusən də peşə seçimi zaman.

Nurlana Əsədullayeva isə bu stereotipləri qırıb, haqsız qınaqlara rəğmən, öz istəyindən dönməyib. Altı ildir, kişi salonunda bərbər işləyən Nurlana Əsədullayeva iki övlad anasıdır.

"Təəssüf ki, peşəkarlığa görə deyil, məhz qadın usta olduğun üçün səni seçirlər"

Nurlana xanım Sputnik Azərbaycan-a həyatından, işinin çətinliyindən danışıb.

"Qadın həm anadır, həm də evinin qulluqçusu", - deyən 1984-cü il təvəüllüdlü Nurlana xanım bəzən təsadüfi seçimlərin insan həyatında mühüm rol oynadığına inanır.

"Təəssüf ki, peşəkarlığa görə deyil, məhz qadın usta olduğun üçün səni seçirlər"

"Əvvəllər heç əlimdə qayçı tutmağı da bilmirdim. İşsiz idim, hər hansı bir işə ehtiyacım var idi. Demək olar ki, hər gün iş axtarırdım. İlk qarşıma çıxan iş bərbər köməkçisi oldu. Beləcə, 2015-ci ildə salonda bərbər köməkçisi olaraq işə başladım, 2 il belə işlədim. Bundan sonra artıq məndə bu işə maraq yarandı. Bu işi peşəkarcasına öyrənib sərbəst olaraq çalışmaq istədim, peşə təhsili aldım. Bir il peşəkar usta tərəfindən həm nəzəriyyə, həm də praktik olaraq peşənin incəliklərini öyrəndim".

"Təəssüf ki, peşəkarlığa görə deyil, məhz qadın usta olduğun üçün səni seçirlər"

Cəmiyyətdə nə eləməsindən asılı olmayaraq bu gün əsas diqqət məhz qadınların üzərindədir. Elə bu səbəbdən də onlar daha çox qınaq obyektinə çevrilirlər. N.Əsədullayeva da belə qadınlardandır: "Seçimim cəmiyyətdə birmənalı qarşılanmır. Qadını daha çox müəllim, həkim kimi görməyə alışan bir cəmiyyətdə böyümüşük. Mən isə kişilərə xas olduğu deyilən bir peşədə çalışaraq hər zaman özümü sübut etməyə çalışmışam ki, qadın yalnız müəllim, həkim deyil, başqa peşələrdə də çalışa bilər, yalnız bozbaş bişirmir".

"Ümumiyyətlə, cəmiyyətimizdə çətinlik yaradan çoxsaylı stereotiplər var. Məsələn, qadının kişi bərbəri kimi çalışması normal qarşılanmasa da, kişinin qadın saç ustası olması, rənglərlə işləməsi təəccüb doğurmur. Bəzi müştərilər də təəssüf ki, peşəkar saç kəsiminə görə deyil, məhz qadın usta olduğun üçün səni seçirlər. Bu da mənə çətinlik yaradır. Təbii ki, bu kimi düşüncələrin olması mənim üçün heç də xoş deyil. Məncə, artıq bu stereotiplərin qırılmasının zamanı gəlib",- deyə o əlavə edir. 

"Təəssüf ki, peşəkarlığa görə deyil, məhz qadın usta olduğun üçün səni seçirlər"

Nurlana xanım deyir ki, bir sənətdə peşəkarlıq cinslərə görə dəyişməməlidir: "Necə ki deyirlər, aslanın erkəyi, dişisi olmaz, baxın, peşəkarlığın da cinsi yoxdur. İşinin ustasısansa, müştəri də səndən razı qalırsa, demək ki, sən peşəkarsan. Elə müştərilərim var ki, saç düzümünü sırf üzünün formasına uyğun kəsdiyim üçün məni seçirlər. Bimirəm, bu nə dərəcədə fərqlilik sayıla bilər, amma bu səbəbdən çoxsaylı daimi müştərilərim var. Bu müştərilər arasında çox kaprizli olanlar da var".

Bərbər xanım deyir ki, müştərilərin onu seçməsinin digər səbəbi isə onlara bu müddətdə həm də qulaq yoldaşı olmasıdır: "Bir qədər dərdləşirik. Bilirsiniz, bəzən istəyirsən ki, danışasan, kimsə səni dinləsin. Mənim də belə müştərilərim olur. Bəzən aramızda çox maraqlı diskussiya da olur. Bu səbəbdən hansı ünvanda çalışmağımdan asılı olamayaraq arayıb-axtaran müştərilərim çox olur".

"Təəssüf ki, peşəkarlığa görə deyil, məhz qadın usta olduğun üçün səni seçirlər"

Bəzən kiçik bir diqqətsizlikdən buraxılan səhvlər isə dostlar qazandırır, Nurlana xanım belə deyir: "İş prosesində müxtəlif yaddaqalan, maraqlı hadisələr olur. Yeni bir müştərim vardı, ilk dəfə idi saçını kəsirdim. İşi bitirdikdən sonra saçının yan hissəsində ani bir səhv buraxdım. Çox həyəcanlandım, səhvimi etiraf etdim, saç düzümündə bir qədər də dəyişiklik etdim. Sonradan həmin müştəri mənim ən yaxın dostuma çevrildi. Kiçik bir səhv mənə böyük bir dost qazandırdı".

Hər gün saat 10:00-dan axşam 21:00-dək iş başında olan Nurlana xanım bacardığı qədər övladlarına da zaman ayırır: "Qızımın 12, oğlumun 10 yaşı var. Çalışıram ki, onlara zaman ayırım. Evdə olduğum günlərdə birgə gəzintiyə çıxırıq".

"Təəssüf ki, peşəkarlığa görə deyil, məhz qadın usta olduğun üçün səni seçirlər"

Hazırda pandemiya ilə əlaqədar toyların olmaması isə onun da qazancını azaldıb: "Bir tərəfdən qiymət artır, digər tərəfdən isə iş azalır, toylar olmadığı üçün əvvəlki kimi qazana bilmirəm. Əvvəllər normalda aylıq 600-1200 manatadək qazanırdım".