RUSİYA

Kreml: "Sputnik V"yə tələb təklifi üstələyir

Vladimir Putinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, Rusiya Birbaşa İnvestisiyalar Fondu gərgin işləməyə məcbur olub.
Sputnik

 

BAKI, 15 mart — Sputnik. Dünyada koronavirus əleyhinə Rusiya vaksini – Sputnik V-yə tələb təklifi ötür, lakin prioritet olaraq rusiyalıların vaksinasiyası qalır. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Rusiya vaksininə dünyada tələb yüksəkdir. Hazırda tələb istehsal gücünün təmin edə biləcəyi təklifi əhəmiyyətli dərəcədə üstələyir. Təbii ki, bu Rusiya Birbaşa İnvestisiyalar Fondunu (RBİF) çox gərgin işləməyə vadar edir", - deyə Peskov qeyd edib.

O qeyd edib ki, RBİF gündüz və gecə işləyir: "Təbii ki, fond xətti və qərargah xətti ilə prezident vəziyyətin necə olmasına dair hesabatlar alır".

Qeyd edək ki, fevralın 2-si "The Lancet" elmi jurnalı "Sputnik V" koronavirusa qarşı peyvənd preparatının klinik sınaqlarının üçüncü mərhələsinin nəticələrini dərc edib.

Klinik sınaqların üçüncü mərhələsində "Sputnik V" yüksək effektivlik, immunogenlik və təhlükəsizlik göstəriciləri nümayiş etdirib.

Avropalılar şokda. Bu vaksinin dəqiq "problemi" var: həm qanaxma yaradır, həm tromb

Həm peyvənd, həm də plasebo vurulmuş 19 866 könüllünün analiz təhlilləri göstərir ki, hər iki dozadan sonra peyvəndin effektivliyi 91,6 faiz təşkil edir. Preparat vurulandan sonra yalnız 78 koronavirusa yoluxma hadisəsi öz təsdiqini tapıb.

Müqayisə üçün bildirək ki, "AstraZeneca"nın effektivliyi - 62,1%, "Sinovac" peyvəndinin - 50,4%, "Sinopharm"ın - 79,3% təşkil edir.

Tədqiqatın vacib bir hissəsi də 60 yaşdan yuxarı könüllülərin sınaqlarda iştirakı ilə bağlı idi (peyvənd qrupunda ən yaşlı iştirakçının 87, plasebo qrupunda isə 84 yaşı olub). Yaşlılar üçün təhlükəsizlik göstəriciləri yüksək olub. 60 yaşdan yuxarı 2144 könüllü üçün effektivlik 91,8% təşkil edib ki, bu da 18-60 yaş arası könüllülər qrupunda əldə edilən məlumatlardan statistik olaraq fərqlənmir.

Qeyd edək ki, Rusiya Səhiyyə Nazirliyi "Sputnik V" peyvəndini 2020-ci ilin avqust ayında qeydə alıb. Vaksin Rusiyanın Qamaleya adına Epidemiologiya və Mikrobiologiya Elmi Tədqiqat Mərkəzi tərəfindən RBİF-nin dəstəyi ilə işlənib hazırlanıb. Bu, dünyada COVID-19-un profilaktikası üçün ilk qeydiyyata alınmış preparatdır.