BAKI, 14 mart - Sputnik. Avropa İttifaqının COVID-19 əleyhinə vaksin strategiyasının reallaşdırılmasında problemlər yaranıb.
Sputnik Azərbaycan bildirir ki, bunu Tagesspiegel AM Sonntag-a müsahibəsində Avropa Komissiyası sədrinin birinci müavini Frans Timmermans deyib.
"Bəli, bu düzdür ki, Brüsseldə də, elə (Avropa İttifaqına - red.) üzv ölkələrdə də vaksinin sifarişi zamanı səhvlər buraxılıb", - deyən müavin əlavə edib ki, vətəndaşların preparatı mümkün qədər tez almaq tələblərini anlayır.
Siyasətçi qeyd edib ki, yekunları yalnız pandemiya bitdikdən sonra açıqlamağa hazırdır: yalnız o zaman harada səhv buraxıldığı, harada isə düzgün qərar qəbul edildiyi anlaşılacaq. Aİ-nin vaksin üçün birgə sifarişini o, düzgün adlandırıb. Ancaq Timmermansın fikrincə, bu məsələdə Avropa yanaşması daha çox Almaniya kimi varlı ölkələrin maraqlarına cavab verir.
Hazırda Avropa İttifaqında 4 - Pfizer/BioNTech, Moderna, AstraZeneca və Johnson&Johnson - şirkətin peyvəndlərindən istifadəyə icazə var. Bundan başqa, AK Sanofi-GSK, CureVac preparatlarının tədarükü üçün müqavilələr bağlayıb. Onlar isə Avropa bazarında avtorizasiya üçün ərizə ilə müraciət etməyiblər.
İttifaq ölkələri ümumilikdə COVID-19 əleyhinə 2.3 milyard vaksin doza əldə edə biləcək. Sentyabrın ortasındaək Avropa əhalisinin 70%-nin peyvənd olunacağı gözlənilir. Ancaq son həftələr Aİ-də Pfizer/BioNTech və AstraZeneca vaksinlərinin tədarükü ilə bağlı problemlər yaranıb, bu isə vaksinasiya planlarını poza bilər.