CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Onun dastanı ürək sızladır: beş yaşında böyüdü, qopmuş ayaqla Vətəni qorudu - FOTO

Emin talassemiya daşıyıcısı olduğundan və ayaq altının düzlüyünə görə hər zaman qorxurmuş ki, onu hərbi xidmətə aparmazlar. Qarabağda isə təmas xəttini ilk yaranlardan oldu...
Sputnik

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 14 mart — Sputnik. Lay-lay, balam, lay-lay, solan gülüm, a lay-lay... Şəhid anası Məlahət İsmayılova artıq bir neçə aydır ki, övladının beşiyi üzərində belə deyir. Sanki övladı körpədir, qucağındadır, qollarına alıb ona lay-lay deyir. "19 yaşlı körpəm" deyərək əzizlədiyi qəhrəmanımız Emin İsmayılovdan qalan xatirələri vərəqləyir, şəkillərini öpüb bağrına basır. Övladı ilə birgə böyüdüyü, yaşadığı, ruhlandığı kirayə evə yollanıb onun körpəlik geyimlərini, gündəlik asılqanda saxladığı paltarlarını qoxlayır. Övladının xatirəsinin, ruhunun inciməməsi üçün həmin kirayə evdə qalmasa da, hər ay kirayə haqqı ödəyir ki, körpəsinin əşyaları ev-ev daşınmasın, heç nə yerini dəyişməsin. İndi o evdə hər şey donub, əşyalar da.

Şəhid Emin İsmayılovun ayaq açıb yeridiyi, uşaqlığının keçdiyi evdə - xalası Şücaət Əhmədovagildəyik.

Onun dastanı ürək sızladır: beş yaşında böyüdü, qopmuş ayaqla Vətəni qorudu - FOTO

Evin girişində gözəl, yaraşıqlı, boylu-buxunlu bir igid bizi qarşılayır, gülümsəyir, qürurla baxır Emin İsmayılov... Onun xatirəsi evin bir köşkündə əbədiləşib. Artıq bir neçə aydır ki, bacısıgildə qalan ana Məlahət İsmayılova üzərində oğlunun qanı olan əşyaları bir masaya düzüb saxlayır. 

Ölümündən sonra  "Vətən uğrunda", "Suqovuşanın azad olunması" və "Cəsur döyüşçü" ordenləri ilə təltif olunan Emin İsmayılov 2019-cu ilin iyulunda hərbi xidmətə yollanmışdı. O, 1 il 6 aydan sonra evə dönəcəkdi. Amma belə qayıdacağı heç kəsin ağlından belə keçməzdi...

Eminin xalası Şücaət Əhmədova deyir ki, Emindən nigaran qalandan bacısının nə gecəsi var, nə də gündüzü. Gün ərzində, bəlkə, bir neçə dəqiqə mürgüləyə bilir. Elə biz də gəlişimizlə onu bu həzin, şirin mürgüdən ayıltmışdıq. Oğlu gəlibmiş yuxusuna bu dəfə də. Bir neçə dəqiqə öncə yuxuda oğlunun corablarını çıxaran ana bir anlıq yuxu ilə reallıq arasında qaldığından hansının həqiqət olduğunu anlamaqda tərəddüd edir. Divarlardakı şəkillərdən boylanan gülərüzlü sima ananı real həyata qaytarır. "Anan ölsün, ay Emin, - deyib Məlahət xanım sözə başlayır, - Emin bu dünyadan tez doyub getdi", - deyir, qəhərdən boğulur.

Onun dastanı ürək sızladır: beş yaşında böyüdü, qopmuş ayaqla Vətəni qorudu - FOTO

Xalası Şücaət Əhmədova da bir zaman ovcunda əzizlədiyi o körpədən danışır: "Emin anasız bir tikə də yeməzdi. Evə sifariş göndərərdi, anası yeyərdi, sonra oturub işdə özü də yeyərdi. Elə uşaqlıqdan belə anacanlı olub. Təsəvvür edin, bir dəfə qohum-tanışdan biri Emini kəndə öz evinə aparır, xoruz kəsib aş bişirir. Eminin haradasa 3-4 yaşı olardı, o, şirin, körpə dili ilə soruşub ki, bəs sən o aşı mənə bişirirsən? Deyib ki, o xoruzun bir hissəsini qoy anama aparım. Gələndə o bişmiş xoruzun bir hissəsini də qoltuğuna vurub anası üçün gətirmişdi. Yazıq balam, heç vaxt ata çörəyi yemədi... Beş-altı yaşından işləyib pul qazandı".

Qarşımızda iki portret dayanıb, biri evin bir küncündə gülərək boylanan Emin, digəri isə ona baxıb ağlayan, beli bükülmüş, qara örpəkli, bağrı qan olan şəhid anası... Məlahət xanım. İndi onun balası bu torpaq üzərindəki minlərlə damla qandan biridir.

Ana deyir ki, Emin doğulanda onu heç istəməyibmiş: "Emin doğulanda atasından ayrılmışdıq. O, atasının üzünü belə görmədi, yaş yarımlığında atası dünyasını dəyişdi. Emin doğulanda o qədər problemlərim var idi, o qədər kefsiz idim ki, onu istəmirdim, əzizləmirdim, onu görmək istəmirdim, heç yaxın da getmirdim.

Anam deyirdi ki, a bala, heç olmasa bu uşağa yaxın get. Bir dəfə hamıdan gizlin ona yaxınlaşdım, elə ondan sonra da balamdan ayrıla bilmədim, onu bağrıma basdım, sevməyə başladım. Emin üç yaşadək ana südü əmib. Dişləri də vardı deyə qoymurdum, o da körpə, şirin dili ilə deyirdi ki, ana, "dişdəmiycəm", qoy gəlim". Bu uşaq sanki ömürlü olmayacağını bilibmiş. Gəzməyə, danışmağa belə tələsmişdi, 9 ayında həm gəzirdi, həm də danışırdı. Yaşamağım üçün tək səbəbim o idi.  Həyatda çox acı ola bilər. Amma övlad acısından dəhşətli heç nə yoxdur..."

Onun dastanı ürək sızladır: beş yaşında böyüdü, qopmuş ayaqla Vətəni qorudu - FOTO

"Ayağımın altından öpürdü, deyirdi ki, ana, mən cənnəti görmək istəyirəm. Körpə balam heç uşaqlıq görmədi ki... Bir də baxdım ki, Emin böyüyüb, işləyir, ev dolandırır", - deyə ana köks ötürür. Ananı ən çox yandıran da elə övladının beş yaşından canını işə verməsi olub: "Talassemiya daşıyıcısı idi. Mən əzab çəkməyim deyə o elə körpə ikəndən işləyirdi. Balaca idi, beş yaşı olardı, tamam imkansız idik. Bir də gördüm ki, Emin evin arxasında dəmir, butulka yığıb pul qazanır. Onları satıb evə ərzaq alırdı. Bir dəfə də imkansız vaxtımız idi, bizə rayondan çoxlu soğan göndərmişdilər. Evdə də soğandan başqa heç nə yox idi. Bir də gördüm ki, bir neçə torbanı soğanla doldurub həyətdə satır. Qazandığı pulla da evə yenə çörək, ərzaq aldı. Hər dəfə onun yaşıdları kimi həyətdə oynamadığını, işlədiyini görəndə əzab çəkirdim. İndi isə o illəri düşünəndə lap dəhşətə gəlirəm, balam".

"6-cı sinifdə oxuyurdu, məktəbdən gəlib mənə dedi ki, iş tapmışam, paketçi kimi işləyib sifarişləri çatdıracağam. Ona maaşdan əlavə pul verəndə o qədər sevinirdi, deyirdi ki, bilirsən, nə qədər pulum var? Onu tək, atasız, min bir əziyyətlə böyütdüm. Evlərə gedib xadimə oldum, pul qazandım. Bir gün ev sahibinin qonaqları gecəyədək qalmalı oldular. Gec idi, evə gələndə gördüm ki, Emin qapının ağzında oturub, ağlayır. Sabahı gün onu da özümlə aparmağımı təkid etdi, çəkdiyim əziyyəti görəndə işdən çıxmağımı istədi, dedi ki, özüm işləyəcəyəm", - deyə ana əlavə edir.

Ana oğlu ilə bağlı daha bir xatirəni yada salıb göz yaşları içində boğulur: "O heç zaman deməzdi ki, mənə nəsə al. Bir dəfə gördüm ki, nəsə gizlində bir iş görür. Gedib baxdım ki, qopan ayaqqabısını yapışqanla yapışdırır. İstəmirdi ki, mən görüm. O zaman 12-13 yaşlarında olardı. O ayaqqabısını qoyub o qədər ağlamışam ki..."

Emingil əslən Cəbrayıldandır, doğma el-obasının düşmən tapdağında qalmasını heç zaman həzm edə bilmirmiş. Talassemiya daşıyıcısı olduğundan və ayaq altının düzlüyünə görə hər zaman qorxurmuş ki, onu hərbi xidmətə aparmazlar. Anası danışır: "Deyirdi ki, məgər mən kişi deyiləm?! O qədər qorxurdu ki, birdən onu aparmazlar".

Onun dastanı ürək sızladır: beş yaşında böyüdü, qopmuş ayaqla Vətəni qorudu - FOTO

"Şəhidlər ölmür, sadəcə olaraq biz artıq onları görmürük", - deyir xalası oğlu Elvin Əhmədov. "İkimiz də tək övladıq. O mənə qardaş idi, elə adını da mən qoymuşdum. Bir gün mənə mesaj yazdı ki, anam-xalam sənə əmanət, haqqını halal et. Döyüş yoldaşları onu əfsanəvi döyüşçü adlandırırdılar. Kiçik çavuş Emin İsmayılov təmas xəttini ilk yaranlardan olub, o, Suqovuşan, Kəlbəcər isitiqamətində gedən döyüşlərdə də iştirak edib, Talış kəndi, Murovdağ, Kəlbəcər, Suqovuşanı hamıdan yaxşı tanıyıb. Yoldaşları deyirdilər ki, Emin ayağı qopmuş vəziyyətdə döyüşürdü, ağrıkəsici vurdururdu ki, döyüşlərdə iştirak etsin. Ayağını sarıyıb döyüşə qatılıbmış. Döyüş yoldaşı deyir ki, Eminin qolunun sinəsinə yaxın büküşündə güllə dəydi. O, qanaxmadan öldü. Həmin gün üç yerindən güllə yarası almışdı".

"Qardaşım "nə oldu, Paşinyan?" deyə-deyə qabağa atılırdı. Manqa başçısı idi", - deyə Elvin əlavə edir.

Ayağından qan axanda deyiblər ki, döyüşdən çıx, lakin buna baxmayaraq Emin yenə də etiraz edib, deyib ki, ayağımdan axan kişi qanıdır. 

Sonuncu dəfə anası ilə sentyabrın 30-da danışıb:

"O əvvəl deyirdi ki, sıravi əsgərdir, onu döyüşlərə aparmırlar. Nə bilim ki, mən narahat olmayım deyə o belə deyirmiş. Ayın 30-da mənə zəng elədi, dedi ki, üst-başım qandır. O qədər yaralı daşımışdı ki, geyimi qan içində idi. Anası ölmüş, bilmədim, başa düşmədim... Bizə çatmırdı ki, onun üstü qandırsa, demək ki, döyüşdədir. Nə bilim ki, balam elə ən qabaqda gedənlərdən olub. Təsəvvür edin, onlar nə qədər qabağa getmişdilər ki, 200 nəfərdən 27-si sağ qalmışdı. Mənim yenə qucaqlayacaq bumbuz daşım var, amma heç övladına qovuşmayanlar da var, aralarında hələ də tapılmayanlar var".

Oktyabrın 6-da şəhid olan Eminin meyiti 57 gün neytral ərazidə qalıb. Sentyabrın 30-dan sonra ananın ürəyinə xal düşüb, 57 gün övladından heç bir xəbər-ətər ala bilmədiyindən onun əsir düşdüyünü düşünüb dəhşətə gəlib. O, övladının şəhid olmasından çox, ermənilərin əlinə düşməsindən qorxurmuş.  

Ana övladının tabutu gələnədək ümidini kəsməyib. Bir möcüzə gözləyib: "57 gün bütün Azərbaycanı gəzirdik. Bizə öncələr onun itkin olduğu deyilirdi". 

Onun dastanı ürək sızladır: beş yaşında böyüdü, qopmuş ayaqla Vətəni qorudu - FOTO

Amma sonda ümidlər də ölür - Eminin tabutu gəlir. Xalası Şücaət xanım danışır: "Noyabrın 20-də gəlib məndən DNT analiz götürdülər. Artıq DNT-nin nəticəsi təsdiqlənmişdi, zəng edib dedilər ki, tabut gələcək. Biz də hazırlıq işləri görməyə başladıq. Eminin tabutu gələndə anasının fəryadını heç təsəvvür edə bilməzsiz. Məlahət bütün üz-gözünü cırdı, göyərtdi. Nə qədər özünə, sinəsinə vurdu, fəryad qopartdı. İnanın, bu ev bütün onun saçı idi".

Ana boğula-boğula sözə başlayır: "Bir də gördüm ki, hamı həyacan içində o başa gedir, bu başa gedir. Bacım tez-tez eyvandan boylanır, Elvinin rəngi qaçıb. Bacım da aşağı düşür, yuxarı qalxır. Zəng elədim, dedim ki, bu nə oyundur?! Başa düşmüşdüm ki, nəsə olub və onlar bunu məndən gizlədirlər".

Ananın oğlu ilə bağlı arzuları bitib-tükənməz olub. Pul yığırmış ki, əsgərlikdən gələcək oğluna geyim alsın: "İndiyədək yadımdadır... Talassemiya daşıyıcısı olduğu üçün bir dəfə qanı aşağı düşmüş, hərbi hospitalda yatırılmışdı. Dostları onun cibinə 50 manat pul qoymuşdular. Mən də ona baş çəkməyə getmişdim, evə çatar-çatmaz mesaj yazdı ki, ana, ayaqqabın köhnə idi, cibimə 50 manat pul qoyublar, mənə lazım deyil, gəl verim, sən özünə ayaqqabı al. O, uşaq vaxtından işləyib əsgərliyə gedənədək mənə kreditlə müxtəlif məişət əşyaları alıb".

"Qonşumuz Leyla vardı, Emin olanda Leylanın geyinilməyən paltarlarını mənə verdilər. O paltarlar o qədər çox idi ki, bəzilərini yığıb qırağa qoydum ki, Emin böyüyər, qızı olar, bu paltarları ona geydirərəm. Amma mənə övlad payı görmək də qismət olmadı. O gedəndə də bayrağa bükülüb getdi, gələndə də bayrağa bükülüb gəldi. Özü də deyirdi ki, böyüyüb əsgər olacam, bayraqla gedəcəm, sonra da bayrağa bükülmüş tabutum gələcək".

"Əsgər getməzdən öncə Emin özünün moykada işlədiyi müddətdə geyindiyi geyimləri yığıb bir kənara qoydu ki, keçmişini unutmamaq üçün imkanlı vaxtlarında onları geyib gəzəcək", - deyə ana fəxarət hissi ilə əlavə edir.

Emin bir qızı gözüyaşlı qoyub gedib: "Məzuniyyətə gələndə dedi ki, bəlkə, istədiyim qızgilə gedək? Dedi, ay ana, bir balaca da "pomada" çəkərsən, dedim, yaxşı. Qız imkanlı ailədən idi deyə nəsə tərəddüd edirdim. Amma qızın anası da oğlumu çox  bəyənmişdi, deyirdi ki, kasıblıq eyib deyil".

Ana deyir ki, yuxularında tez-tez oğluna qovuşur: "Ölümündən bir neçə gün sonra yuxuma gəldi. Gördüm ki, qapı döyülür, açdım, Emin idi. Sənin boyuna qurban, balam, deyib sarıldım. Oturdu, ayaqlarını uzatdı, qara corablarını çıxartdım. O sadəcə olaraq mənə baxırdı, danışmırdı. Bir gün də görürəm ki, bağdayam. Bağ yamyaşıl, mer-meyvəlidir, bir də gördüm, Emin gəlir, boz köynəkdə, cins şalvarda. Dedim, ay Emin, gör neçə vaxtdır səni axtarıram, nömrənə niyə zəng çatmır? Dedi, anacan, işdəyəm. Sonra da qoltuğundakı xoruzu mənə verdi ki, bax bunu sənə gətirmişəm. Bir də üzümü çevirəndə gördüm ki, Emin elə o geyimdə birdən-birə cənnət quşuna çevrilir, göyə qalxıb yox olur".

"Oğlum şəhid olandan bacımgildə qalıram. O evi hələ də kirayə tuturam, ölənəcən də kirayə tutacağam. Çünki orada övladımın məzuniyyətə gələrkən geydiyi geyimlər var, körpəlik geyimləri var, onların qoxusu var. Tez-tez oraya gedib onları qoxlayıb qoyuram yerinə. Övladım əsgər getməzdən qabaq ev yiyəsinə dedi ki, anamı incitmə. Övladımın dəfnindən bir neçə gün keçmişdi, ev sahibi məndən pul istədi. Halbuki Emin demişdi ki, anamı evsiz qoyma, incitmə. Düzdür, mən onu da başa düşürəm, amma nə də olsa, bir müddət, bir ay tələb etməyə də bilərdi. Övadımın əşyalarını heç kimin evinə yığıb dağıdan deyiləm. Ona görə də o evi ölənədək kirayə tutacağam... Nə qardaşı, bacısı vardı, nə də övladı. Biz tarixdə iz qoymadan gedəcəyik, amma onların adı hər zaman yaşayacaq. Deyirdim ki, övladımın bir əlı, bir ayağı olmazdı, amma nəfəsi gələrdi", - deyə ana əlavə edir.

Balasının ölümündən sonra ana dəfələrlə intihara cəhd etsə də, cənnətdə övladına qovuşmaq arzusu onu bu fikirdən yayındırıb.

Onun dastanı ürək sızladır: beş yaşında böyüdü, qopmuş ayaqla Vətəni qorudu - FOTO

İndi ana hər bazar günü saatlarla övladının qəbrini qucaqlayıb ağlayır. Bacısı deyir ki, onu gətirməsək, bəlkə də günlərlə orada qalar: "Balam üçün bəy otağı, bəy maşını bəzəyə bimədim, qismət olmadı. İndi oranı bəy otağına döndərirəm. Hər ay güllər alıb oranı bəzəyir, təmizləyirəm. Bu dəfə də yeni güllər sifariş vermişəm".

İndi otağın bu küncündə oturan ananın bir titulu var - şəhid anası.

İsmayılov Emin isə artıq tarixə qovuşan bir ada, titula çevrildi. Onun qəbri Fəxri xiyabanda, Mübariz İbrahimovla Polad Həşimovun məzarının arxasındadır.

Şəhid Emin İsmayılov ölümündən sonra "Vətən uğrunda", "Suqovuşanın azad olunması" və "Cəsur döyüşçü" ordenləri ilə təltif olunub.  

Bir ölüm min canı xilas eləyər. Şəhiddən cənnətin qoxusu gəlib, bu Vətən nə gözəl lay-lay deyib ki, bu qədər igidin yuxusu gəlib... Ruhunuz şad olsun!