CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda turizmin hansı növlərinə subsidiyalar verilə bilər?

"Bu subsidiyalar onların qiymətlərində endirim etməyə imkan verir. Bununla da daha ucuz qiymətlərlə hər hansı turizm sahəsini təşviq etmək olar"
Sputnik

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 13 mart — Sputnik. Azərbaycanda turizmin dəstəklənməsi məqsədilə subsidiyaların verilməsi məsələsi gündəmdən düşməyib, bu məsələ yenə də aktualdır. Bu barədə Dövlət Turizm Agentliyinin Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Kənan Quluzadə məlumat verib. Onun sözlərinə görə, 2019-cu ildə turizmin inkişafı ilə bağlı qarşıya qoyulan prioritet məqsədlərin hamısı yenə də gündəmdədir: "Məsələn, subsidiyaların verilməsi, dövlət turizm reyestrinin yaradılması, qanunvericiliyin dəyişdirilməsi və s. məsələlər hamısı gündəmdə qalır".

Bəs görəsən turizm sektorunda subsidiya hansı formada və hansı turizm növləri üzrə verilə bilər?

Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, pandemiya dövründə turizm sektoruna subsidiyaların verilməsi vacibdir:

"Turizm sahəsində fəaliyyət göstərən şirkətlərə subsidiyanın verilməsini alqışlayıram. Subsidiyaların turizm sektoruna verilməsi təqdirəlayiq haldır. Mənim fikrimcə, subsidiya o turizm şirkətlərinə verilməlidir ki, layihələr ortaya qoyaraq tuirizmin inkişaf yollarını göstərir. Qarabağda, işğaldan azad edilmiş ərazilər üzrə turizm layihələrinə də dövlət dəstəyi olmalıdır".

M. Ağakərimov bildirir ki, turizm növlərinin inkişafı üçün təkcə otellərə yox, digər turizm şirkətlərinə, daxili və gəlmə turizmlə məşğul olan şirkətlərə də dövlət dəstəyi göstərilməlidir: "Xaricdə iqtisadi böhran olan qurumlara dövlət yardım göstərir ki, sahibkarlar ayağa qalxa bilsin. Turizm iqtisadiyyatda mühüm rol oynayır. Pandemiyadan ən çox zərər çəkən sahə olan turizmin yenidən dirçəldilməsi üçün subsidiyaların verilməsi çox vacib addım olacaq".

DAİR Otellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri Samir Dübəndi Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, turizm sahəsində daxili turizmin təşviqi üçün subsidiyanın verilməsi yaxşı olar:

"Belə bir təcrübəni biz Rusiyanın nümunəsində gördük. Subsidiyalar vətəndaşlara verildi. Vətəndaşlar üçün keşbeq oldu. Onlara turlara xərclədikləri vəsaitin bir hissəsini geri əldə edə bildilər. Bununla da endirim oldu. Belə bir subsidiyalar turizm agentliklərinə və hotellərə verilir. Bu subsidiyalar onların qiymətlərində endirim etməyə imkan verir. Bununla da daha ucuz qiymətlərlə hər hansı turizm sahəsini təşviq etmək olar".

O ki, qaldı subsidiyaların turizmin hansı istiqamətlərinə aid edilməsinə, S. Dübəndi deyir ki, eko turizm növləri, açıq səma altında turizm fəaliyyətlərinin subsidiyalaşdırılmasına ehtiyac var: "Bir sıra şirkətlər var ki, onlar eko turistik fəaliyyətlə məşğuldurlar onlara subsidiyalar ayırmaqla daha tez bu turizm növünü canlandırmaq olar. Subsidiyaların verilməsi regional xarakter də daşıya bilər. Gəlmə turizmi dirçəltmək üçün turizm agentliklərinə, hotellərə, avia şirkətlərə subsidiya vermək mümkündür".