BAKI, 12 mart — Sputnik. Hərbi-texniki əməkdaşlıq üzrə Rusiya Federal Xidmətinin direktoru Dmitri Şuqayev hesab edir ki, Türkiyə bundan sonra da "S-400" zenit-raket komplekslərinin alınması məsələsində ABŞ-ın təzyiqlərinə boyun əyməyəcək. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir.
"Onlar (amerikanlar) hər hansı bir ölkəyə tədarükə mane olmağa çalışırlar. Bu gün onların Türkiyə ilə problemləri var. Tanrıya şükürlər olsun ki, bizim Türkiyədən olan tərəfdaşlarımız dözüm nümayiş etdirir və anlayırlar ki, bu, milli təhlükəsizlik məsələsidir. Hesab edirəm ki, biz daha da irəliləyəcəyik", - deyə Şuqayev qeyd edib.
Xatırladaq ki, ötən ilin dekabrın 14-ü rəsmi Vaşinqton Türkiyə Müdafiə Sənayesi Katibliyinə, onun rəhbəri İsmayıl Dəmir və digər üç səlahiyyətlisinə sanksiya tətbiq edib.
ABŞ-ın dövlət katibi Mayk Pompeonun izah etdiyi kimi, bu qərar Rusiyanın zenit raket sistemlərinin Ankara tərəfindən satın alınması ilə əlaqədardır. O, Türkiyəni ABŞ-la koordinasiya şəraitində "S-400" problemini "dərhal" həll etməyə çağırıb.
"Türkiyə ABŞ üçün dəyərli bir ortaq və əhəmiyyətli bir regional təhlükəsizlik tərəfdaşıdır. Türkiyənin sərəncamındakı "S-400" maneəsini ən qısa müddətdə aradan qaldıraraq müdafiə sektorundakı onilliklər boyu mövcud olan məhsuldar əməkdaşlıq tariximizi davam etdirmək istəyirik", - Pompeonun yazılı açıqlamasında deyilir.
Pompeonun fikrincə, sanksiyaların tətbiqi "ABŞ-ın CAATSA-nın (Sanksiyalar aktı ilə Amerikanın düşmənlərinə qarşı mübarizə aktı - red.) 231-ci bəndini tamamilə tətbiq edəcəyinə və Rusiyanın müdafiə və kəşfiyyat sektoru ilə əhəmiyyətli əməliyyatlara dözməyəcəyinə dair açıq bir siqnal" verir.
"CAATSA-nın 231-ci bəndi və bugünkü fəaliyyət Türkiyə, yaxud ABŞ-ın hər hansı digər müttəfiqinin və ya ortağının hərbi qabiliyyətini və döyüş hazırlığını sarsıtmaq məqsədi daşımır. Əksinə, Rusiyanın genişmiqyaslı zərərli hərəkətlərinə cavab olaraq bir bədəl ödəməsini hədəfləyir", - Dövlət Departamentinin açıqlamasında deyilir.