BAKI, 12 mart — Sputnik. Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar arasında görüş baş tutub.
Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Görüşdə nazir Ceyhun Bayramov bölgədə mövcud olan cari vəziyyət, 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər, o cümlədən Ermənistan tərəfindən Azərbaycanın ərazilərinə hərbçilərini göndərmək cəhdləri, gündəlik əsasda insanların həyatı üçün birbaşa təhlükə təşkil edən mina xəritələrinin Azərbaycana verilməsindən imtina edilməsi kimi məsələlər barədə qarşı tərəfə məlumat verib. Nazir, həmçinin bölgədə həyata keçirilən quruculuq və bərpa prosesləri, bu xüsusda Aİ-nin mümkün rolundan danışıb.
Xüsusi nümayəndə Toivo Klaar bölgədə sülhün qazanılması üçün birgə çalışmağın vacibliyini qeyd etdi. Aİ-nin bölgədə sülh, təhlükəsizlik və tərəqqinin əldə olunması prosesini dəstəkləməyə hazır olduğunu vurğuladı.
Tərəflər, eyni zamanda Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparıblar.