SƏHİYYƏ

"AstraZeneca" Avropaya peyvənd tədarükünü 25% azaltdı

Ümumilikdə Avropa ölkələrində "AstraZeneca" preparatı ilə vaksinasiya olunmuş 3 milyon nəfərdən 22-də qan laxtalanması müşahidə edilib.
Sputnik

BAKI, 12 mart — Sputnik. "AstraZeneca" şirkəti 2021-ci ilin birinci rübündə Avropa İttifaqı ölkələrinə koronavirus peyvəndi tədarükü ilə bağlı proqnozu 25 fazi azaldaraq 40 milyon dozadan 30 milyon dozaya endirib. Bu barədə RİA Novosti "Reuters"-ə istinadla məlumat yayıb. Məlumatda bildirilir ki, sözügedən rəqəm şirkətin müqavilə öhdəliklərinin üçdə birinə bərabərdir. Agentlik qeyd edir ki, dərman çatışmazlığı Brüsselin vaksinasiya planlarına ciddi zərbə vuracaq.  "Reuters" problemin qlobal tədarük zənciri daxilindəki daşınmalarla bağlı olduğunu da vurğulayıb.

Bu günə kimi Avstriya, Lüksemburq, Estoniya, Litva, Latviya və Danimarka "AstraZeneca" firmasının istehsal etdiyi COVID-19-a qarşı peyvənd preparatının tətbiqini dayandırıb. Buna səbəb preparatın vurulduğu insanlarda ciddi əlavə təsirlərin müşahidə olunmasıdır. Danimarkanın səhiyyə nazirliyindən bu barədə verilən məlumatda bildirilir ki, ölkədə "AstraZeneca" peyvəndi vurulan insanlarda əlavə təsir kimi qan laxtalanması əmələ gəldiyi üçün preparatın tətbiqinə müvəqqəti olaraq fasilə verilir.

Qeyd edək ki, bir qədər bundan əvvəl Avropa İttifaqının (Aİ) dərman preparatları üzrə tənzimləyici qurumu olan EMA-dan verilən açıqlamada "AstraZeneca" tərəfindən yeni tip koronavirusa qarşı istehsal olunmuş peyvənd preparatının "ABV5300" nömrəli partiyasının qanda laxtalanmaya səbəb olduğu və bunun bir nəfərin ölümü ilə nəticələndiyi bildirilmişdi. Martın 9-a olan məlumata görə, ümumilikdə Avropa ölkələrində "AstraZeneca" preparatı ilə vaksinasiya olunmuş 3 milyon nəfərdən 22-də qan laxtalanması müşahidə edilib. 1 milyon dozadan ibarət "ABV5300" nömrəli peyvənd partiyası 17 Aİ ölkəsinə göndərilib.