BAKI, 11 mart — Sputnik. Rusiya, Türkiyə və Qətər Suriyadakı separatizm təşəbbüsləri ilə mübarizə məsələsində barədə razılığa gəliblər. Sputnik Azərbaycan "Hurriyet"ə istinadən xəbər verir ki, bunu Rusiya-Qatar-Türkiyə XİN rəhbərlərinin Dohada üçtərəfli görüşündən sonra keçirilən mətbuat konfransında Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu isə bildirib ki, ölkəsi Suriyanın ərazi bütövlüyü, mülki insanları qorumağa və terror təşkilatları ilə mübarizəni davam etdirəcək: "Bu gün Suriya ilə bağlı yeni bir məsləhətləşmə prosesinə başladıq. Məqsədimiz Suriyada davamlı sülh prosesinə necə töhfə verə biləcəyimizi müəyyənləşirməkdir. Yeganə yol BMT-nin 2254 saylı qətnaməsinə uyğun ola bilər. Rejim daha konstruktiv olmalıdır, bu prosesdə Rusiyaya təşəkkür edirəm. Türkiyədə 6 milyon suriyalı yaşayır. Təxminən 6 milyon suriyalı sığınacağa ehtiyac duyur. Humanitar yardım məsələsində daha çevik olmalıyıq".
Çavuşoğlu, həmçinin qeyd edib ki, Türkiyə-Qətər-Rusiya üçtərəfli görüşü növbəti dəfə Türkiyədə baş tutacaq.