HADİSƏ

Əmioğluların mübahisəsi ölümlə bitdi

Famil Ağayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilibFamil Ağayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib
Sputnik

BAKI, 11 mart — Sputnik. Astara Rayon Prokurorluğu rayon ərazisində baş verən qətl hadisəsi ilə bağlı açıqlama yayıb. Rayon prokurorluğundan daxil olan açıqlamada deyilir:

"Martın 10-da saat 19 radələrində Astara rayonu, Şəmətük kəndində kənd sakini, 1991-ci il təvəllüdlü Ağayev Musa Arzu oğlunun bıçaqlanaraq öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Aparılan ilkin araşdırmalarla zərərçəkmişin əmisi oğlu Ağayev Famil Qəyim oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Musa Ağayevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Astara Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Famil Ağayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir".