RUSİYA

Ərdoğan: "Türkiyə-Rusiya dialoqu Liviyadan Qarabağadək bir çox sahələrdə nəticə verib"

Ötən il koronavirus səbəbi ilə iqtisadiyyatda, turizmdə, investisiya və xarici ticarət sahələrində də yaşadığımız enişi də bu il kompensasiya edəcəyik.
Sputnik

BAKI, 10 mart — Sputnik. "Dəyərli dostumla (Vladimir Putinlə - red.) təsis etdiyimiz dialoq sadəcə ikili münasibətlərdə deyil, regional sülh və sabitliyin qorunmasında da həlledici rol oynayır".

Sputnik Azərbaycan xəbər verir ki, bunu "Akkuyu" AES-in 3-cü blokunun təməlqoyma mərasimində çıxışı zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

"Liviyadan Dağlıq Qarabağa, Suriyadan digər məsələlərə qədər bir çox sahədə Türkiyə - Rusiya dialoqunun nəticələrini meydanda görmək fürsəti qazandıq. Önümüzdəki dövrdə də bu işbirliyini irəlilətmək niyyətindəyik. Ötən il koronavirus səbəbi ilə iqtisadiyyatda, turizmdə, investisiya və xarici ticarət sahələrində də yaşadığımız enişi də bu il kompensasiya edəcəyik", - deyə Ərdoğan qeyd edib.

Rusiya Prezidenti Vladimir Putin isə öz növbəsində qeyd edib ki, "Akkuyu" Atom Elektrik Stansiyası (AES) Türkiyənin iqtisadiyyatını daha da gücləndirəcək, enerji təhlükəsizliyinə ciddi töhfə verəcək.

Xatırladaq ki, 2018-ci ilin aprelində Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin Akkuyu Atom Elektrik Stansiyasının təməlqoyma mərasiminə videokonfransla qatılıblar. AES Mersinin Gülnar ilçəsinin Akkuyu bölgəsində tikilir.

20 milyard dollarlıq layihə çərçivəsində Akkuyuda 4800 MW gücündə 4 vahid nüvə reaktoru inşa ediləcək.

Xatırladaq ki, dünyada 31 ölkədə 450 AES fəaliyyət göstərir. Akkuyu ilə birlikdə isə inşaası davam edəcək stansiyaların sayı 56 olacaq. Akkuyu Atom Elektrik Stansiyası 2023-cü ildə fəaliyyətə başlayanda Türkiyənin elektrik ehtiyacının 10 faizini qarşılayacaq. Akkuyu AES-in 60 il ərzində fəaliyyətdə olması nəzərdə tutulur.