HADİSƏ

Taksi sürücüsü qəzaya səbəb oldu, iki “Mercedes” markalı yük maşını toqquşdu - FOTOLAR

“Mercedes” markalı yük avtombillərindən birinin sürücüsü hadisəyə taksi fəaliyyəti göstərən minik maşınının səbəb olduğunu bildirib.
Sputnik

Rahim Məmmədov, Sputnik Azərbaycan

BAKI, 10 mart — Sputnik. Bakı-Qazax avtomagistralında zəncirvari yol qəzası olub. Sputnik Azərbaycan xəbər verir ki, hadisə yolun Yevlax rayonundan keçən hissəsində baş verib. 2 yük və 2 minik maşının iştirakı ilə qeydə alınan yol-nəqliyyat hadisə zamanı xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib. Qəzaya düşən “Mercedes” markalı yük avtombillərindən birinin sürücüsü Türkiyə vətəndaşı Fəzili İlhan Sputnik Azərbaycan-a hadisəyə taksi fəaliyyəti göstərən minik maşınının səbəb olduğunu bildirib:

“Biz dostumla Türkiyədən Bakıya gedirdik, Yevlax ərazisində taksi sürücüsü qəfil qarşımıza çıxıb dönmə əməliyyatını yerinə yetirdi. Mən onu vurmamaq üçün maşını yolun digər tərəfinə çəkdim. Bu zaman arxada gələn dostumun idarə etdiyi yük maşını mənim maşınıma çırpıldı. Başqa bir maşın da ona dəydi. Şükür, xəsarət alan olmadı. Amma maşınlarımıza ciddi ziyan dəyib”.

Qeyd edək ki, hadisə zamanı yolda avtomobillərin gediş-gəlişində müəyyən çətinlik yaranıb. Yük maşınları ərazidən götürülərək magistralda hərəkət bərpa edilib. Hadisənin baş vermə səbəbləri araşdırılır.