İQTİSADİYYAT

Macarıstan bankı Qarabağın bərpasına 100 milyon dollar kredit ayırıb

Macarıstanın Azərbaycanın beynəlxalq hüquq və ədalətə əsaslanan mövqeyinə verdiyi dəstəyi, xüsusilə də 44 günlük Vətən müharibəsi zamanı sərgilədiyi dəstəyin Azərbaycan tərəfindən yüksək qiymətləndirildiyi vurğulanıb.
Sputnik

BAKI, 10 mart — Sputnik. Bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə ölkəmizdə işgüzar səfərdə olan Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto arasında görüş keçirilib. Bu barədə Sputnik Azərbaycan-a Xarici İşlər Nazirliyindən daxil olan məlumatda bildirilir.

Nazirlər arasında təkbətək başlanılan görüş daha sonra nümayəndə heyətlərinin iştirakı ilə geniş formatda davam edib.

Macar həmkarını səmimiyyətlə salamlayan nazir Ceyhun Bayramov xalqlarımız arasındakı qədim tarixi əlaqələrə əsaslanan ikitərəfli münasibətlərimizin dostluq, əməkdaşlıq və stateji tərəfdaşlıq ruhunda inkişafını məmnunluqla vurğulayıb. Ölkələrimiz arasında mövcud olan siyasi dialoqun uğurla həyata keçirildiyi qeyd olunub.

Macarıstanın Azərbaycanın beynəlxalq hüquq və ədalətə əsaslanan mövqeyinə verdiyi dəstəyi, xüsusilə də 44 günlük Vətən müharibəsi zamanı sərgilədiyi dəstəyin Azərbaycan tərəfindən yüksək qiymətləndirildiyi vurğulanıb.

Nazir Peter Siyarto ölkələrimiz arasında mövcud olan strateji münasibətlərin sözdə deyil, əməldə özünü nümayiş etdirdiyini qeyd edib və bu əməkdaşlığın praktiki nəticələrinin olmasının əhəmiyyətini vurğulayıb. Macarıstanın Azərbaycanın müstəqilliyi, suverenliyi və beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü dəstəklədiyi bir daha ifadə edilib.

Nazir Ceyhun Bayramov həmkarına bölgədə mövcud olan cari vəziyyət, üçtərəfli bəyanatların həyata keçirilməsi, beynəlxalq hüquq prinsiplərinə ciddi riayət edilməsi əsasında münasibətlərin normallaşmasının mümkünlüyü, yaranmış yeni əməkdaşlıq imkanları barəsində ətraflı məlumat verib.

Hazırda bölgənin münaqişə sonrası bərpa və quruculuq mərhələsinə qədəm qoyduğunu söyləyən nazir Ceyhun Bayramov Azərbaycanın dövlət başçısı tərəfindən bildirildiyi kimi, bu prosesdə dost və tərəfdaş ölkələrin iştirak edə biləcəyini vurğulayıb. Bu xüsusda, Macarıstan tərəfinin münaqişənin təsirinə məruz qalan ərazilərin bərpası və quruculuğu prosesində iştirakı marağı, o cümlədən Macarıstanın EXIM bankının bununla əlaqədar öz şirkətlərinə 100 milyon ABŞ dolları dəyərində kredit ayırması qərarı məmnunluqla qeyd olunub. Habelə azad olunmuş ərazilərin minalardan təmizlənməsi işlərinə Macarıstan hökumətinin ianə ayırması təklifi yüksək qiymətləndirilib.

Tərəflər, iki ölkə arasında enerji, kənd təsərrüfatı, nəqliyyat, humanitar sahələrdə əməkdaşlıq və gələcək perspektivlər ətrafında geniş fikir mübadiləsi aparıblar.

Nazirlər, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı dəstək məsələlərini müzakirə ediblər.

Görüşdən sonra Azərbaycan Respublikasının ADA Univetsiteti və Macarıstanın Diplomatik Akademiyası arasında diplomatik təlim, məlumat və sənədləşmə mübadiləsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.