BAKI, 10 mart — Sputnik. Azərbaycanın Xalq rəssamı Mirnadir Zeynalov vəfat edib. Sputnik Azərbaycan xəbər verir ki, M.Zeynalov uzun sürən xəstəlikdən sonra bu gün səhər vəfat etdiyini bildirib.
M.Zeynalov 12 noyabr 1942-ci ildə Buzovna kəndində doğulub. 1963-сü ildə ilk peşə təhsili olan Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini, daha sonra isə 1973-cü ildə Moskva Poliqrafiya İnstitutunun Qrafika fakültəsini bitirib. ARİ və "Yeni Era" Ümumdünya Sənət Akademiyasının həqiqi üzvü olub.
M.Zeynalovun peşəkar boyakarlıq karyerası 1970-ci illərdən başlayıb. O, Abşeron rəssamlıq məktəbinin görkəmli nümayəndələrindən, xüsusilə, Cavad Mircavadov, Qorxmaz Əfəndiyev, Kamal Əhmədov, Ənvər Əsgərov, Nazim Rəhmanov, Fərhad Xəlilov kimi rəssamlardan təsirlənib. Rəssamın əsərlərində doğulub böyüdüyü Abşeronun sərt təbiətinin, mənzərələrinin əks olunması mühüm yer tutub.
Rəssam öz karyerasının ilk illərində realizm üslubunda, sonralar abstrakt tablolar yaratmağa başlayıb. Realist üslubda işlədiyi zamanlarda ailə üzvlərinin və digər insanların portretləri və naturadan işlər çəkib.
O, 1987-ci ildə Hindistanda yaradıcılıq ezamiyyətində olarkən "Çay kənarı", "Hind məbədi", "Hind həyəti" kimi peyzajları, həmçinin, "Benqal qızı", "Vasantanın portreti", "Müqəddəs öküz ilə qız" kimi bir sıra qadın portretlərini yaradıb.
M.Zeynalovun dəfələrlə fərdi sərgiləri keçirilib. Rəssamın əsərləri Moskva, Kiyev, Hyuston, Los-Anceles və başqa şəhərlərdə sərgilənib, 2013-cü ildə Londondakı "Sothbeys" auksionunda dəyər qazanıb. Onun dəyərli əsərləri Azərbaycan Milli İncəsənət Muzeyinin və Azərbaycan Dövlət Rəsm Qalereyasının fondunda qorunub saxlanılır.