CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qədim el sənətini pul xatirinə yox, maraq üçün yaşadan və bu səbəbdən uğur qazanan qadın

Səbr və əmək tələb edən bu növ tikmədə bir əl işinin 5-7 gün müddətində əmələ gəldiyini deyən Sonaxanım Əzizova bu işlə məşğul olarkən ilk ağla gələn şeyin pul olmadığını söyləyib.
Sputnik

İlham Mustafayev, Sputnik Azərbaycan

BAKI, 9 mart - Sputnik. Mingəçevir sakini Sonaxanım Əzizova gənc olmasına baxmayaraq, qədim sənət nümunələrindən olan sanama tikiş növünü yaşadır. İxtisasca filoloq olan tikməçi ailə həyatı qurduqdan sonra ixtisası üzrə işləməyə imkan olmayıb. Bu səbəbdən o evdə daha rahat işləyə biləcəyi sanama tikmə sənəti ilə məşğul olmağa qərar verib. Kiçik yaşlarında nənəsində gördüyü, sonradan rəfiqəsindən öyrəndiyi qədim tikməni internetdə izləməklə daha da təkminləşdirdiyini deyib:

“İxtisasım üzrə işləmək imkanım yox idi, amma nə isə etmək istəyirdim. Oğlum böyüyürdü və mən özümü “işsiz” görürdüm. Odur ki, düşündüm. Axı mən  “sanama” tikmə növünü bilirəm. Bu sahə üzrə nəsə edə bilərəm.  Odur ki, getdim ləvazimatlar axtardım və tikməyə başladım. Beləliklə, 2018-ci ildən bu işlə məşğul olmağa başladım”.

Qədim el sənətini pul xatirinə yox, maraq üçün yaşadan və bu səbəbdən uğur qazanan qadın

Sonaxanım Əzizova sanama tikmə sənətinin incəlikləri barədə də danışıb:

“Müxtəlif tikmə növləri var. Təkəlduz, güləbətin, saya tikmə, xovlu tikmə, sanama tikmə və s. “Sanama tikmə” və ya “xaçşəkilli tikmə” də adlanır. “Sanama tikmə”nin də növləri var. Sadə xaç, yarı xaç, uzunsov xaç, düyü xaçı və s. “Sanama” bizim dildə həm də saymaq mənasının verir. Bu tikiş növündə parçanın üzərindəki xanalar sayılaraq tikirik”.

Səbr və əmək tələb edən bu növ tikmədə bir əl işinin 5-7 gün müddətində əmələ gəldiyini deyən S.Əzizova bu işlə məşğul olarkən ilk ağla gələn şeyin pul olmadığını söyləyib. Elə bu səbəbdən onun əl işləri daha gözəl alınır.

Qədim tikmə sənəti ilə məşğul olan Mingəçevir sakinin əl işlərinə maraq böyükdür. Gənc xanım hazırladıqların satışını etməklə yanaşı “Sanama” tikiş növünü öyrənmək istəyənlərə də bildiklərini əsirgəmir. Məqsəd qədim sənət nümünələrini yaşatmaqdır.