CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Deputat bahalaşma ilə bağlı həyəcan təbili çaldı

"Heç olmasa Novruz bayramında sosial təminata ehtiyacı olan ailələrin süfrə açmasına imkan yaratmaq lazımdır. Dünyada bayramlar zamanı qiymətlər düşür, bizdə isə əksinədir"
Sputnik

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 9 mart — Sputnik. "Benzinin qiyməti cəmi 10 qəpik bahalaşdı, amma bundan sonra monopolistlər hər gün qiymətləri bahalaşdırmağa başladılar. Hər gün demək olar ki, eyni məhsullar müəyyən qədər bahalaşır".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Əli Məsimli deyib.

Deputat qeyd edib ki, heç olmasa Novruz bayramında sosial təminata ehtiyacı olan ailələrin süfrə açmasına imkan yaratmaq lazımdır: "Dünyada bayramlar zamanı qiymətlər düşür, bizdə isə əksinədir. Dünyada qiymətləri aşağı salanlar itirmirlər, əksinə qazanırlar. Dünya təcrübəsini artıq biz də tətbiq etməliyik. İqtisadi azadlıqları genişləndirməklə ölkədə məhsul bolluğu yaratmalıyıq. Ən əsası monopoliyaya son qoyulmalı, bəzi işbazların fəaliyyətinin qarşısı alınmalıdır".