Nigar İsgəndərova, Sputnik Azərbaycan
BAKI, 3 mart — Sputnik. Ötən əsrin 90-cı illərindən etibarən digər şəhərlərdən Bakıya kütləvi axın başlayıb. Son illərdə isə bu axın daha da geniş vüsət almağa başlayıb. Bunun əsas səbəblərindən biri də regionlarla müqayisədə Bakıda iştapma imkanının daha əlçatan olmasıdır.
Lakin paytaxtda əhali sayının artması, getdikcə rayondan müvəqqəti iş üçün Bakıya axışan şəxslərin artıq ailə quraraq burada məskunlaşması səbəbi ilə əlaqədar bu gün paytaxtda mənzillərə də tələbat artmaqdadır. Bu tələbatın qarşılanması üçün yenidənqurma işlərinin durmadan davam etdirilməsi isə nəqliyyat infrastrukturunu tamamilə iflic vəziyyətə salıb. Artıq tikintilərin yollara yaxın hissələrdə, yol kənarlarında olması həmin ərazilərdə sıxlıq yaradır. Bu isə həm də həmin ərazilərdə əhalinin sayının da artması deməkdir.
Maraqlıdır, şəhər əhalisini təngə gətirən tikinti bumu nə zaman bitəcək?
Tikinti üzrə ekspert Elnur Fərzəliyev Sputnik Azərbaycan-a açıqlamasında bu haqda danışıb: "Öncədən hər bir ərazi üzrə bir baş plan hazırlanır və planda ərazilər üzrə nə qədər binaların tikiləcəyi göstərilir. Bu binalar tikilərkən kommunikasiya xətləri də çəkilir. Bütün bunlar bitəndən sonra yolların bərpasına başlanılır. Əslində bu belə olmalıdır. Amma bizdə təəssüflər olsun ki, bunu görə bilmirik. Hnasısa şirkət rəhbəri bir ərazidə boş yer alır və orada bina tikməyə başlayır. Həmin ərazilərdə tikinti işlərinin bitməsinə görə ən azı iki ildən çox vaxt gedir. İki il ərazində yaranan səs-küy, tıxac, ekolji problemlər isə çoxlu narahatlığa səbəb olur. Əksdər hallarda tikinti şirkətləri binanın kommunikasiya xətlərini ümumi sistemə qoşur. Hansı ki, bu sistem vaxtı ilə yaradılan infrastruktur üçün nəzərdə tutulmuşdu. Yeni tikililərin xətlərinin də bu sistemə quraşdırılması yükləməni artırır. İşlər baş pana uyğun getmədiyi üçün əksər hallarda problemlər yaranır".
Ekspert artıq Bakıda tikinti bumunun bitdiyini deyir və bildirir ki, bunun da səbəbi satış üçün əlverişli sayılan yerlərdə boş torpaq sahələri qalmaması ilə əlaqədardır: "Bundan başqa, şirkətlər üçün artıq pilot layihələri icra etmək də maraqlı deyil. Biz bütün hallarda günahı tikinti şirkətlərinin üzərinə qoyuruq, amma əslində bu tam olaraq belə deyil".
Ekspert deyir ki, bu binaların yaratdığı digər əsas problemlərdən biri də avtomobillərin saxlanılması, uşaqların oynaması üçün yerlə qalmamasıdır: "Sovet dövrü ilə müqayisədə Bakının əhalisi iki dəfə artsa da, Bakını genişləndirməyiblər. Elə Bakının öz içində bir Bakı tikiblər. Baxın 5 mərtəbəli binanı söküb yerində 15-20 mərtəbəli bina tikirlər. Axı o həyət, ətraf 5 mərtəbə üçün nəzərdə tutulmuşdu. Bu cür addımların atılması orada yaşayan digər insanların hüquqlarının pozulması, həyat tərzlərinin pisləşməsidir".
Daşınmaz əmlak üzrə digər ekspert Elnur Azadov tikinti bumunun müsbət və mənfi tərəflərindən danışır: "Azərbaycanda ilk inşaat bumu 2005-2009-cu illəri əhatə edir. 2009-cu ilədək il ərzində Bakı şəhəri, Abşeron yarımadasında ilə 110-120 yeni layihə başlayıb. 2016-cı ilə kimi isə bu sahədə durğunluq olub. 2016-cı ildə Nazirlər Kabinetinin pilot layihələrlə bağlı 86 saylı qərarı oldu və qəzalı vəziyyətdə olan binalar yeniləri ilə əvəz olundu. Bu məsələnin müsbət tərəfi oldu. Ən çox da Bakı şəhərinin Nərimanov, Nəsimi və Yasamal rayonu ərazilərində bu layihələr icra olundu. Bu səbəbdən də 2017-2018-ci illər inşaat üçün ən aktiv illər oldu. 2018-ci ildə Arxitektura komitəsinə səlahiyyətlər verildikdən sonra layihələr getdikcə azalmağa başladı".
"Bu günə kimi də 86 saylı qərarla Bakı şəhərində inşaat işləri davam edir. 86 saylı qərarın tikintiyə çox müsbət təsiri oldu və tikinti şirkətləri kiçik binaları nağd pullara satın almağa başladılar. Eyni zamanda da inşaat materialları satan tikinti bazarlarında da bir canlanma oldu, yeni iş yerləri açıldı. 2017-2018-ci illərdə Bakı və Abşeronda tikinti şirkətləri tərəfindən 250-dən çox layihə icra olundu", - deyə ekspert bildirir.
E.Azadov deyir ki, 2018-ci ildən sonra isə layihələndirmə əvvəlki kimi olmadı: "Kobud desək, əvvəllər tikinti şirkətləri 1 hektarda 50-60 min kvadratmetr inşa edirdilərsə, artıq yeni normativlərdə bu göstərici 2 dəfə və bundan bir qədər də artıq azalıb. Nəticədə tikintinin həcmi azaldı, lakin nəzarət mexanizmləri gücləndirildi. Binaların yüklülüyü, hündürlüyü də azaldıldı. Ciddi vergi mexanizminin tətbiqi, tikinti şirkətlərinin öncəki kimi müəyyən ərazidə normadan kənar tikinti ilə məşğul ola bilməməsi mənzil bazarında qiymət artımına səbəb olub. Artıq tikinti şirkətləri qiymətləri 10 faizədək qaldırıblar".
"Tikinti bumunun digər mənfi təsiri isə müəyyən ərazilərdə əhali sıxlığının daha da artması ilə bağlıdır. Tikintilərin çox olduğu ərazilərdə polikinikalar, uşaq bağçaları, məktəblər daha da yüklənir, şəhərin əhalisi daha da artır. Bizdə urbanizasiya həddindən artıq yüksəkdir. Belə deyək, ortalama yaşayış fondunun 20 faizini kirayə mənzillər təşkil edir ki. Digər böyük şəhərlərin isə mənzil fondunun təxminən 1/3-i boş qalıb. Bu gün Bakıya iş üçün gələnlər də az deyil", - deyə o əlavə edib.
Ekspert deyir ki, Bakının yükünün azaldıması üçün mərkəz hesdab edilən rayonlarda ikinci mərkəzlər yaradıla bilər: "Məsələn, Qəbələ, Ağdaş, Yevlax kimi şəhərlərdə belə mərkəzlər qurmaq olar. Bu həm də həmin rayonların inkişafına da müsbət təsir edərdi. Rayonlarda biznes imkanlarının yaradılması da mütərəqqi addımlardan olardı. Bundan başqa, bəzi dövlət sturkturlarının, təhsil müəssisələrinin regionlara, xüsusən də mərkəzdə yerləşən şəhərlərə köçürülməsi də müsbət addım kimi dəyərləndirilə bilər".
E.Azadov da belə hesab edir ki, Qarabağda tikinti bumunun başlaması ilə Bakının yükü bir qədər də yüngülləşə bilər.