HADİSƏ

Qarabağa icazəsiz gedən azərbaycanlılar saxlanıldılar - FOTO

Polisin saxladığı şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə tədbirlər görülüb.
Sputnik

BAKI, 8 mart - Sputnik. Səhərə yaxın Füzuli rayonu ərazisində polis işçilərinin sayıqlığını yoxlamağa cəhd edənlər saxlanılıblar. 

Daxili İşlər Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, martın 7-də gecə saat 5 radələrində DİN-in polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən Füzuli rayonunun işğaldan azad olunmuş kəndlərinə nəzarət postlarından kənar yollarla daxil olmağa cəhd göstərən 2 avtomobildə olan 4 nəfər saxlanılıb və aidiyyəti üzrə Füzuli RPŞ-yə gətirilib.

Qarabağa icazəsiz gedən azərbaycanlılar saxlanıldılar - FOTO

Araşdırmalarla onların Beyləqan rayonunun 1-ci Şahsevən kənd sakinləri S.Teymurlu, H.Şirinov, C.Əşrəfli və F.Əbilov olmaları müəyyən edilib. Aşkar edilən həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə qanunamüvafiq tədbirlər görülüb.

Qeyd edək ki, DİN müvafiq icazə almadan, eləcə də nəzarət postlarından kənar yollarla işğaldan azad edilmiş ərazilərə mülki şəxslərin keçmələrinin onların həyat və sağlamlıqları üçün ciddi təhlükə olması və buna görə də belə hərəkətlərdən çəkinmələri barədə dəfələrlə xəbərdarlıq edib.