CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Hərbçilər Şuşada Növrəsli qardaşlarının ulu babalarının qəbrini tapıblar- VİDEO

Öz yaradıcılıqları ilə Azərbaycanda məşhur olan qardaşlar bildirilbər ki, ilk fürsətdə dövrünün görkəmli şairi olmuş ulu babalarının qəbrini ziyarət edəcəklər.
Sputnik

BAKI, 8 mart — Sputnik. Azərbaycanlı hərbçilər Şuşada məşhur Azərbaycan şairi Mirzə Ələsgər Növrəsin qəbrini tapıblar. Növrəs öz yaradıcılıqları ilə məşhur olan azərbaycanlı qardaşların – Şahin, Tərlan, Nurlan və Arslan Növrəslilərin ulu babasıdır.

Bu barədə Sputnik Azərbaycan-a şair Tərlan Növrəsli məlumat verib. Onun sözlərinə görə, qardaşlar şokdadırlar və eyni zamanda şaddırlar ki, ulu babalarının qəbrindən nəsə qalıb.

"Şuşadakı bütün tarixi abidələr, o cümlədən də qəbirlər ermənilər tərəfindən vandalizmə məruz qalıb. Ona görə də bizim orada ulu babamız Mirzə Ələsgər Növrəsin qəbrini tapacağımıza ümidimiz demək olar ki, yox idi. Biz hazırda Şuşada xidmət çəkən hərbçilərimizə minnətdarıq. Onlar məşhur azərbaycanlıların dəfn edildiyi yeri tapıblar, daha doğrusu onlardan nələrinsə qaldığı yeri. Şuşa qəbiristanlığında şair Qasım bəy Zakirin qəbrini tapıblar, onun yanında da bizim ulu babamızın", - deyə Növrəsli bildirib.

Qardaşlar onu da bildiriblər ki, ilk fürsətdə ulu babalarının qəbrini ziyarət edəcəklər.

Mirzə Ələsgər bəy Kərbəlayı Abdin bəy oğlu Əhmədbəyov 1836-cu ildə Şuşa şəhərində anadan olub. Əslən Cavanşir-Dizaq mahalının Zərgər obasındandır. Mükəmməl mədrəsə təhsili almışdı. Şair idi. Növrəs təxəllüsü ilə xoştəb şeirlər yazırdı. Şuşada fəaliyyət göstərən "Məclisi-üns" şairlər yığıncağının üzvü idi. O, ərəb, fars dillərini kamil bilməklə yanaşı, rus dilini də tamam-kamal öyrənib qəza idarəsində kargüzar vəzifəsində çalışmışdı.

Mirzə Ələsgər Növrəs el şənliklərində toybaşı olardı. O, 1912-ci ildə vəfat edib. Onun dörd övladı olub. Qızı Fatimə bəyimi Xurşidbanu Natəvanın oğlu Seyid Həsənə ərə verib.

Mirzə Ələsgər Növrəs Xurşidbanu bəyim Natəvan, Seyid Əzim Şirvani və başqaları ilə yazışırdı.

Hərbçilər Şuşada Növrəsli qardaşlarının ulu babalarının qəbrini tapıblar- VİDEO

1872-ci ildə Mirzə Ələsgər Növrəs Azərbaycan şairəsi Xurşidbanu Natəvanın rəhbərlik etdiyi "Məclisi Üns" ədəbi dərnəyin fəal iştirakçılarından biri olub. O, həm də Mir Mövsüm Nəvvabın rəhbərlik etdiyi "Məclisi Fəramuşan"un daimi qonaqlarından olub. Bu məclislərə o dövrün ən görkəmli şairləri və musiqiçiləri toplaşıblar. Azərbaycan şairi və maarifçisi Seyid Əzim Şirvani zamanında Növrəsə şeirlə yazdığı məktubunda "Səlam olsun sənə, ey Kəbeyi-əhli-səfa, Növrəs" sözləri ilə Şamaxı ədəbi məktəbinin şairlərinin, "Səfa" cəmiyyətinin üzvlərinin onun yaradıcılığına hörmət və ehtiramını ifadə edib

1912-ci ildə vəfat edərkən o, Şuşada Qasım bəy Zakirin yanında dəfn edilib.

Onun adını daşıyan nəvəsi İqtisad Elmləri namizədi, dosent Növrəs Növrəslidir.