Nigar İsgəndərova, Sputnik Azərabacyan
BAKI, 8 mart — Sputnik. Bəzən həyatla mübarizə aparmaq çox çətin olur, ən çətin günündə kiməsə söykənmək, dayaq tapmaq istəyirsən ki, az da olsa yükün yüngülləşsin. Amma təəssüf ki, bəzən bu dayağı axtarmaq istəyəndə ətrafda bir boşluğun, susqunluğun şahidi olursan. Kimsəsizlər, onların həyat hekayələri daha ağrılı olur, tək sirdaşları isə sadəcə olaraq elə boş divarlardır. Həmsöhbətimiz Səfurə Əsədova kimi. 70 yaşlı qadınla Protez-Ortopedik Bərpa Mərkəzində tanış oluruq.
Bizə qısa da olsa həyatından danışır: "Heç kimim yoxdur, təkəm. Həyatda heç nəyə nail ola bilmədim. Nə ailəm var, nə də övladlarım. Elə övladlarım olmadığı üçün boşanmışam. 70 yaşım var, bir əlimdən tutanım, başıma sığal çəkənim, bağrına basanım yoxdur. İnanın həyatda hər şeydən daha pisi tənhalıqdır".
30 il tibb bacısı işləyən yaşlı qadın 250 manat pensiya alır ki, onun da bir hisssəsi elə dava-dərmanların alınmasına gedir.
Şəkər xəstəsi olan S.Əsədovanın bir ayağı dizdən kəsilib:
"Sol ayağımdan sonra sağ ayağm çirk verdi. Avqustda Bakıda əməliyyat olundum, sağ ayağım dizdən kəsilib. İndi bura gəlmişəm ki, mənə həm protez ayaq verilsin, həm də protezdə gəzməyi öyrənim. Amma qorxuram ki, yaşım çox olduğundan protezdə də gəzə bilməyim".
"Yaxınların, doğmaların olması çox gözəldir, təəssüf ki, bu, mənim alnıma yazılmayıb. Bir əlimdən tutub qaldıracaq doğmam yoxdur", - deyə Səfurə nənə əlavə edir.
O, nə isti nəfəs hiss edir, nə sevgi dolu baxışlar, bütün günü isə göz yaşı içindədir: "Nə edim, əlimdən nə gəlir ki?! Bütün günü taleyimə ağlayıram. Heç istəməzdim ki, bəxtim belə gətirsin".
Müharibə onun da həyatını alt-üst edib. Ağdam rayon sakini olan yaşlı qadın deyir ki, II Qarabağ müharibəsində ermənilər onun evini dağıdıblar:
"Bakıda əməliyyat olunmuşdum. Bir müddət sonra ermənilər bizim Üçoğlan kəndini yerlə-yeksan etdilər. Evimin şüşəsi qırıldı, dağım-dağım oldu. Qaldım evin altında, öncə heç kəsin məndən xəbəri olmadı".
Bu hadisədən sonra qonşularının köməkliyi ilə Bakıya xəstəxanaya, oradan da sığınacağa gətirilir. Protezini aldıqdan sonra isə sığınacağa deyil, yenidən kimsəsiz evinə qayıdacaq. Deyir ki, həyatda can sağlığından, bir də övladdan şirin heç nə yoxdur.
Heç zaman qadın olduğunu hiss etməyən, qadın kimi dəyər görməyən Səfurə nənə heç olmasa bu 8 martda ən azı bir gül, yaxud da xoş söz eşidən qadınlardan biri olmaq istəyir...