BAKI, 8 mart - Sputnik. Bakının Səbail rayonu, Badamdar qəsəbəsində sürüşmə hadisəsi baş verib.
Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, hadisə nəticəsində bir neçə gün əvvəl təmizlənən Badamdar şossesi yenidən bağlanıb, yaxınlıqda olan restoranın isə pəncərəsi sınıb.
Fövqəladə Hallar Nazirliyi yanında Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədovun Sputnik Azərbaycan-a verdiyi açıqlamaya görə, Bakıda sırf insanların yaşadığı yerlərdə olan sürüşmə zonaları dörd hissədə müəyyən edilib. Bunlardan biri Alov qüllələri ətrafı və onun əhatəsində olan sahələr - Dağüstü park, Nərimanov heykəlinin ətrafı, Abdulla Şaiq küçəsi və s.-dir. Bu, ərazisinə görə ən böyük sürüşmə sahəsidir. İkinci və üçüncü sürüşmə zonaları Badamdar ərazisindədir. Dördüncü sürüşmə zonası Gəncə prospektindədir. Orada iki yerdə müəyyən edilib. Bunlar general Şıxlınski və Nəsrəddin Tusi küçələrinin kəsişməsində yerləşir.
Badamdarda sonuncu dəfə sürüşmə hadisəsi bu il yanvarın 28-də qeydə alınmışdı. Həmin vaxt 1 ictimai iaşə obyekti, 2 fərdi yaşayış evi zərər görmüşdü.