MƏDƏNİYYƏT

Türkiyə ilə birgə təcrübə milli kinomuzun inkişafına nə verəcək - Fikirlər müxtəlifdir

Cabbarov: "Heç kəsdə təəssürat olmamalıdır ki, Qarabağ müharibəsini Azərbaycan xalqından başqa hansısa qüvvə udub. Bizə hansısa uğurlu türk filminin nüsxəsi lazım deyil".
Sputnik

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 7 mart — Sputnik. Türkiyə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qarabağ Zəfəri və Xocalı qətliamı haqqında serial çəkilməsi barədə tapşırıq verib. Bunula bağlı Azərbaycanın Mədəniyyət naziri Anar Kərimov türkiyəli həmkarı Mehmet Nuri Ərsoyla görüşüb. Mədəniyyət naziri Anar Kərimov bildirib ki, Qarabağ Zəfəri, Qafqaz İslam Ordusu və Xocalı qətliamı kimi tarixi hadisələr haqqında film və serialların çəkilməsi Azərbaycan və Türkiyə dostluq və qardaşlığın simvolu olacaq. Birgə əməkdaşlığın Azərbaycan kinematoqrfiyasının inkişafına nə kimi təkan verə bilər? Elə bu sualımızı kinematoqrafçılarımıza yönəldirik.

"Kino-televiziya sənətləri" kafedrasının müdiri, professor Rafiq Quliyev Sputnik Azərbaycan-a verdiyi açıqlamasında bu addımı müsbət qiymətləndirdiyini söylədi: "Türkiyə kinematoqrafçıları tarixi filmlərin çəkilişində, batal səhnələrin (Batal janrı — təsviri sənətdə müharibə və hərbi həyat mövzularına həsr olunan janr – red) quruluş verməsi baxımından daha təcrübəlidirlər. Bizim təcrübəmizlə Türkiyə təcrübəsinin sintezindən maraqlı filmlər ərsəyə gələ bilər. Digər tərəfdən, Türkiyə kinematoqrafiyası dünya modelini mənimsəyib və uğurla təkmilləşdirir. Ən azı bizim kinematoqrafçılarımız Türkiyə həmkraları ilə təcrübə mübadiləsi edərək daha ciddi işlər ortaya qoya bilərlər. Onlar kino sənayesində inkişaf etmiş ölkələrin modelinə əsaslanıb istehsalat münasibətləri baxımından daha irəlidədirlər. Bu baxımdan da bizim kadrlar təcrübə yığa bilərlər və ciddi nəticələr əldə edə bilərlər".

Ərdoğan Qarabağ Zəfəri və Xocalı qətliamı haqqında serial çəkilməsi barədə tapşırıq verib

Kinooperatorun sözlərinə görə, bu təcrübə 90-cı illərdə də olub: "Türkiyənin istehlak bazarı tamaşaçı nöqteyi-nəzərindən daha genişdir. Bu, müştərək bir iş olacaq. Bu filmlərin təbliğatı və yayımında onların da marağı olacaq. İstehlak bazarının inkişafı baxımından Azərbaycan kinosuna yeni şanslar verəcək. Filmlərin ideoloji marağı bir yana, kammersiya və bazara çıxışına da böyük təkan verəcək. Bu, ilk deyil. 90-cı illərin əvvəllərində Türkiyə ilə müştərək filmlər çəkirdik. 1993-cü ildə türkiyəli rejissor Kuban Uğur İlhanla "Laçın dəhlizi" filmini çəkdik. Bu, ilk "qaranquş" idi. Sonradan nədənsə bu münasibətlər səngidi".

R.Quliyev əlavə edir ki, Türkiyə kinematoqrafçıları da bizim təcrübələrimizdən yararlanacaqlar: " Sovet kinosundan bizə miras qalan istehsal münasibətləri var. Həmin təcrübədən götürülməli maraqlı nüanslar var. Çünki, yadımdadır ki, biz Türkiyədə olanda, kinolent və rəqəmsal daşıyıcılarla bağlı müzakirələrimiz olurdu. Onlar buna təəccüb edirdilər ki, Azərbaycan kino məktəbinin nümayəndələri rus-sovet məktəbinin ənənələrini yaşatmaqla yanaşı, peşə biliklərinə daha fundamental səviyyədə yiyələniblər. Bizim bir çox sənətkarlarımız 90-cı illərdən bu yana professor kimi fəaliyyət göstərirlər, bizim əldə etdiyimiz bilikləri oradakı tələbələrlə bölüşüblər".

Azərbaycan və Türkiyə Qarabağ zəfəri barədə film çəkəcək

"Azərbaycanfilm" kinostudiyasının direktoru Fariz Əhmədov bildirir ki, Türkiyə ilə ortaq istehsal bizim üçün də faydalı ola bilər:

"Türkiyə kinematoqrafiyası dünyada sözün həqiqi mənasında səs salıb. İstər serialları, istərsə də filmləri son 20 ildə sürətli şəkildə inkişaf edib. Dünyanın hər bir ölkəsində yayımlanır. Hətta açıq yayımlarda onların kinolarına, seriallarına rast gələ bilərik. Ümid edirik ki, biz də nələrisə öyrənə biləcək. Onlar da bizdən nələrisə öyrənə bilərlər. Bu əlaqələr nəticəsində keyfiyyətli işlər ortalığa qoya bilərlər".

Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Əli İsa Cabbarov digər həmkarlarından fərqli düşünür. Cabbarovun fikrincə, Qarabağ mövzusunda olan filmlərimizin təbii və təsirli alınması üçün azərbaycanlı rejissor çəkməlidir: "Mən bütün xarici ölkələrlə əməkdaşlığa ikiəlli razıyam. Amma bir şeyi bilmək lazımdır ki, Qarabağ mövzusunda olan filmlərimizin təbii və təsirli alınması üçün azərbaycanlı rejissor çəkməlidir. Bizim texniki investisiyaya, prodüserə və senari dəstəyinə ehtiyacımız var. Amma senaridə müəllif kimi yox, məsləhətə ehtiyacımız var. Rejissorlara, aktyorlara, bəstəkarlara, montajçılara bizim ehtiyacımız yoxdur. Bunların hamısı bizdə var. Filmin milliliyini qorumaq üçün burada yaşayan, bu dərdləri hiss edən adam olmalıdır. Ona görə də aludə olmaq lazım deyil ki, Türkiyədən kinematoqrafçı çağırmaqla, hər şey yaxşı olacaq".

Portuqaliyanın məşhur kino şirkəti Xocalı haqda film çəkib - VİDEO

"Məsələn Türkiyə ilə bizim iş birliyimiz olan Elçin Əfəndiyevin əsəri əsasında lentə alınmış "Mahmud və Məryəm" filmi ürəyimizcə olmadı. Yəni, hələ Türkiyəni iştirakı uğurlu işin qarantiyası deyil. Necə ki, Qarabağı azərbaycanlılar azad edib, Qarabağ haqqında filmi də azərbaycanlılar çəkə bilər. Necə ki, "Dolu"nu, "Fəryad"ı, "Hər şey yaxşılığa doğru"nu çəkiblər, bundan sonra da çəkəcəklər".

Cabbarov vurğuladı ki, bu məsələdə son dərəcədə diqqətli olmaq lazımdır: "Heç kəsdə təəssürat olmamalıdır ki, Qarabağ müharibəsini Azərbaycan xalqından başqa hansısa qüvvə udub. Bizə hansısa uğurlu türk filminin nüsxəsi lazım deyil. Türkiyə dünyada tanınmış festivallarında yer tutublar, amma onlar müharibə filmləri ilə qazanmayıblar. Ona görə də onların bizə bu cəhətdən köməyi yoxdur. Biz marketinq baxımdan geridəyik, amma yaradıcılıq baxımından yox. Ona görə də Azərbaycan filmini Azərbaycan ruhunu daşıyan sənətkarlar çəkməlidir. Digər mövzularda türklər çəkə bilərlər, amma müharibə mövzusunda yox".