BAKI, 7 mart — Sputnik. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Özbəkistanda səfərdədir.
Sputnik Azərbaycan xəbər verir ki, o, ilk olaraq Urgənc şəhərinə gəlib.
Hava limanında Türkiyənin xarici işlər nazirini Özbəkistanın xarici işlər naziri Əbdüləziz Kamilov və digər rəsmi şəxslər qarşılayıb.
Mövlud Çavuşoğlu Urgənc və qədim Xivə şəhərlərinin görməli yerləri ilə tanış olub.
Sonra Mövlud Çavuşoğlu qədim Səmərqənd şəhərində gələrək Türkiyənin Baş Konsulluğunun açılış mərasiminə qatılıb.
Tədbirdə Özbəkistan Baş nazirinin müavini, Turizmin inkişafı üzrə Dövlət Komitəsinin sədri Aziz Abduxakimov və digər şəxslər iştirak edib.
Mövlud Çavuşoğlu öz çıxışında bildirib ki, Özbəkistan müstəqillik əldə edən zaman bu ölkəni ilk tanıyan və ilk səfirlik açan Türkiyə olub:
"Qədim Səmərqənd şəhərində bu gün açılan Baş konsulluğumuz da bizim üçün çox önəmlidir. Baş konsulluq burada yaşayan vətəndaşlarımıza və özbək qardaşlarımıza xidmət edəcək, ölkələrimiz arasında əməkdaşlığın daha da möhkəmlənməsinə təkan olacaq".
Türkiyənin xarici işlər nazirinin Daşkənddə bir sıra görüşlər keçirəcəyi də nəzərdə tutulub.