BAKI, 7 mart — Sputnik. Xarici ölkələrin Azərbaycandakı nümayəndələri – diplomatlar və hərbi attaşelərin Qarabağa növbəti turu baş tutub.
Sputnik Azərbaycan Real-a istinadla xəbər verir ki, onları Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edib.
Səfərin məqsədi ermənilərin regionda törətdiyi vandal əməlləri, xarabalığa çevrilmiş evləri, məhv edilmiş infrastruktur və ekologiyaya vurulan zərəri beynəlxalq ictimaiyyətə çatdırmaq olub.
Diplomatlar ilk olaraq Füzulinin Merdinli kəndində erməni vandalizmi izləri ilə tanış olublar. Buradakı məscidə ziyarət təşkil edilib. Hikmət Hacıyev ermənilərin məsciddə heyvan saxladıqlarını diplomatların nəzərinə çatdırıb.
Daha sonra məscidi ziyarət edən Liviyanın Bakıdakı müvəqqəti işlər müdiri Əşrəf Adəm ermənilərin burada törətdiyi qeyri-insani davranışları sərt şəkildə tənqid edib.
Diplomatlar daha sonra Füzulidə hazırda tikilməkdə olan hava limanı ərazisinə gəliblər. Burada görülən işlərlə tanışlıq olub.
Səfərin növbəti dayanacağı Qubadlı isə diplomatlara ilk olaraq burada ətraf-mühitə vurulan zərər-ziyan, ermənilərin kəsilib məhv etdiyi ağaclar göstərilib.
Ekologiya və Təbbii Sərvətlər Nazirliyinin əməkdaşları ərazinin ekologiyasına dəyən zərər barədə məlumat veribər.
Diplomatik korpusun nümayəndələri daha sonra Laçına gəliblər. Güləbird Su Elektrik Stansiyasına səfər təşkil edilib.
Yol boyu diplomatların əksəriyyəti erməni vandalizmini qınadığını bildirib.
"Bu, onun sübutudur ki, Azərbaycan və Ermənistan sülhə və barışığa getmək üçün addımlar atmalıdır. Uşaqları elə tərbiyə etmək lazımdır ki, gələcəkdə bir daha müharibə etməsinlər, sülh içində yaşasınlar", - Fransanın Azərbaycandakı səfiri Zakari Qross deyib
Braziliyanın Azərbaycandakı səfiri Manuel Monteneqro: "Burada törədilən çox saylı dağıntılara baxmayaraq Azərbaycanın qısa müddətdə gördüyü yenidənqurma işləri, regiona etdiyi yatırımları ilə sərgilədiyi gələcəyə yönəlik mövqeyi məni çox mütəəssir etdi. Mənim xalqım da gələcəyi, inkişafı düşənən xalqdır. Ona görə bu, xüsus məni heyran edir. Əlbəttə, müharibə dəhşətlidir, dağıntılar mənfur əməllərdir. Baxın. Boyaqın qoxusu hələ də hiss olunur. Bura gənc bir ölkədir, möhtəşəm gələcəyi var. Azərbaycanın ittiham irəli sürmək üçün tam hüququ var. Bu, tərəfləri məsələ ilə bağlı müvafiq forumlara çıxaracaq. Vacib olan gələcəyə baxmaqdır".
"Əlbəttə, dağıntılar, xüsusilə, ibadət evlərinin dağıdılması inanılmazdır. Səfər boyu ilk dayandağımız məntəqədəki məsciddə bunun şahidi olduq. Bu, mənim üçün məqbul bir hərəkət deyil. Ermənilər burada SES-ə də zərər vurubmuşlar. Bu cür əməlləri heç bir ölkə qəbul etməz. Məscidlərin dağıdılması bir yana, onlar bu ibadət evindən müxtəlif məqsədlər üçün istifadə ediblər. Burada mal-qara, donuz saxlayıblar. Bu, bəşər normalarına qarşıdır. Heç nə demək olmur. İnsan bu cür əməlləri təsəvvür belə edə bilmir. Çox pis əməllərdir", - İndoneziya Səfirliyinin nümayəndəsi Yusuf Yusuf bildirib.
"Azərbaycan hökuməti və onun prezidenti zati-aliləri İlham Əliyevə təşəkkür edirik ki, Qubadlı, Zəngilan və Laçına gəlib buradakı işləri yaxından görmək üçün bizə yaratdığı şəraitə görə təşəkkür edirəm. Buradakı dağıntıları yerli sakinlərindən ayrı düşmüş evləri görmək ürəksığıcıdır. Bu evlərdə uşaqlar, ailələr yaşayırdı. İndi isə evlər dağılıb və geriyə xatirələr qalıb. Digər tərəfdən, buradakı yeni müasir Su Elektrik Stansiyasının necə sürətlə tikilmiş olduğunu gördük və bu da bizi mütəəssir etdi. Bu, Azərbaycan xalqının və hökumətinin mətanətini, qətiyyətini göstərir. Azərbaycan xalqına və, ümumilikdə, region əhalisinə sülh şəraitində yaşamağı arzulayırıq. Təşəkkür edirəm", - Fələstinin Azərbaycandakı səfiri Nasir Əbdül Karim deyib.
Qeyd edək ki, Füzuli və Qubadlı müvafiq olaraq ötən ilin 17 oktyabr və 25 oktyabr tarixində milli ordumuz tərəfindən işğaldan azad edilib. Laçın isə Azərbaycan, Ermənistan və Rusiya arasında əldə edilən atəşkəs bəyanatına əsasən, 1 dekabrda Azərbaycana təhvil verilib.