Azərbaycan Ordusunda COVID-19-a qarşı vaksinasiya olunanların sayı açıqlanıb

Bakı qarnizonunda yerləşən hərbi hissələrin şəxsi heyətinin vaksinasiyası Silahlı Qüvvələrin Baş Klinik Hospitalında, işğaldan azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi hissələrin qulluqçularının vaksinasiyası isə müvafiq hərbi tibb müəssisələrində aparılır.
Sputnik

BAKI, 7 mart - Sputnik. Pandemiya dövründə Azərbaycan Ordusunda şəxsi heyətin sağlamlığını qorumaq və COVID-19-a qarşı təhlükəsizliyi tam təmin etmək məqsədilə Müdafiə nazirinin əmrinə əsasən müvafiq tədbirlər həyata keçirilir.

APA-nın Azərbaycan Ordusunda şəxsi heyətin COVID-19-a qarşı vaksinasiya olunması barədə sorğusuna cavab olaraq bildirilib ki, Müdafiə Nazirliyinin Tibb Baş İdarəsi hərbi hissələrdə keçirilən profilaktik tədbirləri daim nəzarətdə saxlayır.

Hərbi qulluqçuların sağlamlığının qorunması məqsədilə fevralın 16-dan vaksinasiya prosesinə başlanılıb.

Bakı qarnizonunda yerləşən hərbi hissələrin şəxsi heyətinin vaksinasiyası Silahlı Qüvvələrin Baş Klinik Hospitalında, işğaldan azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi hissələrin hərbi qulluqçularının vaksinasiyası isə müvafiq hərbi tibb müəssisələrində aparılır.

Bu günədək doqquz minə yaxın hərbi qulluqçu COVID-19-a qarşı peyvənd olunub.