BAKI, 6 mart — Sputnik. Suriyanın Türkiyə ilə sərhəddində yerləşən ərazilərinə ballistik raketlər atılıb.
Sputnik Azərbaycan "NTV"yə istinadla xəbər verir ki, dünən gecə Suriyanın Türkiyə ilə sərhəddə yerləşən Cerablus və Bab bölgələrinə ballistik raket hücumları edilib və nəticədə 3 mülki şəxs ölüb, 28 mülki şəxs isə yaralanıb.
Hücumların baş verdiyi bölgələrdə çoxlu sayda tankerin yanması nəticəsində şiddətli partlayışlar baş verib. Həmin ərazilərdə kustar üsulla işləyən neft emalı qurğuları var imiş.
Ballistik raketlərin kim tərəfindən atıldığı hələ müəyyənləşdirilməyib. Yaralılar ətrafdakı xəstəxanalara aparılıb. Hadisə yerinə çoxlu sayda təcili tibbi yardım maşınları göndərilib. Ölənlərin və yaralananların sayının artması istisna edilmir.
Cerablus və Bab rayonları Türkiyə Silahlı Qüvvələrinin antiterror əməliyyatı həyata keçirdiyi “Fırat kalkanı” (“Fərat qalxanı”) bölgəsinə daxildir.