CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İdmansız idman günü - Məşhurlarımızın "qoğala dönməmək" üçün fəndləri

İdman zallarının bağlı qalmasından beziblər: "Böyük supermarketlərə girirsən, içəridə azı 70 nəfər var. Avtobuslara minirsən, ağzına qədər doludur. Belə çıxır ki, bu virus ancaq şadlıq evlərinə və idman zallarına girir"
Sputnik

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 5 mart — Sputnik. Bu gün idman ictimaiyyəti "Bədən Tərbiyəsi və İdman Günü"nü qeyd edir. Koronavirus pandemiyasına görə idmanın əksər sahələrində oyunlar təxirə salınıb, məşqlərin keçirilməsində problemlər yaranıb. Hətta idman zallarının bağlı olması səbəbindən idmanla həvəskar şəkildə məşğul olanlar belə fiziki aktiv həyatdan məhrum olublar. Bəs görəsən, pandemiya dövründə idman zallarının bağlı qalması idmançılara, eləcə də sadə insanlara artıq çəki ilə bağlı hansı problemlər yaradıb? Onlar pandemiya dövründə kökəlmənin qarşısını necə alırlar?

Müğənni Vüqar Muradov səhnəmizin idmanla aktiv məşğul olan simalarındandır. Müğənni pandemiya dövründə idman zallarının bağlı qalması üzündən 14 kiloqram kökəlib. Bu barədə Sputnik Azərbaycan-a açıqlama verən müğənni bildirib ki, pandemiyadan əvvəl 114 kq olduğu halda, hazırda 128 kq çəkidədir: "Pandemiyadan əvvəl həftədə 3 dəfə məşq üçün idman zalına gedirdim. Ağırlıqqaldırma və trenajorla məşğul olurdum. İdman zalları bağlanandan sonra gördüm ki, çəkim artır. Ona görə də bulvarda qaçmağa başladım. Çəkimin artmaması üçün futbol da oynayırdım. Axırıncı dəfə futbol oynayanda ayağım sındı. İndi ayağım gipsdədir. Yəqin ki, oturaq həyat məni daha da kökəldəcək".

İdman baha oturdu: hövsələsiz "futbolçularımız" cərimələndilər

Müğənni Nazirlər Kabineti yanında Operativ Qərargahın idman zallarının bağlı qalması ilə bağlı qərarını isə heç cür başa düşmədiyini söyləyir: "Böyük supermarketlərə girirsən, içəridə azı 70 nəfər var. Avtobuslara minirsən, ağzına qədər doludur. Belə çıxır ki, bu virus ancaq şadlıq evlərinə və idman zallarına girir".

Müğənni Şəbnəm Tovuzlu isə idman zalları bağlı olduğundan şəxsi pilates dərsləri alır: "Əslində idmanı sevirəm. Pandemiya vaxtı mən də bir az kökəldim, amma hər şey indi qaydasındadır. 75 kiloyam, bu da mənimçün yaxşı çəki hesab olunur. Azərbaycan xanımları hər zaman balıq ətli olub. Mənə, məsələn, çox arıq olmaq yaraşmır. Təbii ki, idman zalları açılsa, yaxşı olar. İdmansevərlər zallara gedərlər. Mən evdə, məsələn, şəxsi pilates dərsi aldım. İnşallah, bu bəla tez bitər, biz də formada qalmaq üçün lazım olan vasitələri edərik".

İdman zallarının bağlı qalması idmançılar arasında da kökəlmə problemi yaradıb. "Azəryol" həndbol komandasının baş məşqçisi Çingiz Əzimov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, qadın həndbolçular arasında kökəlmənin qarşısını almaq üçün qarlı havalarda belə açıq məkanda məşqlər keçiblər:

"Qadınlar piylənməyə daha çox meyilli olurlar. Bizim komandamız isə qadınlardan ibarətdir. Artıq bir ildir ki, pandemiyaya görə zallar bağlıdır. Ona görə də açıq havada həftəfə üç dəfə 1 saat məşq edirik ki, çəki çox artmasın".

Həmsöhbətimiz bildirir ki, pandemiya dövründə komanda üzvləri arasında 3 kilo kökələnlər olub: "3 kiloqram artıq çəki bizim idman növü üzrə çoxdur. Ona görə komanda üzvlərinə tövsiyə etdik ki, gün ərzində çoxlu hərəkətlər etsinlər, gündə 3-4 kiometr məsafəni piyada qət etsinlər. Bundan əlavə, onların qidalanması üçün menyu yazdıq ki, həmin menyuya əsasən qidalansınlar".

Qalxanabənzər vəzi: xəstəliyin simptomları və səbəbləri

Ç. Əzimov idman məktəbində də müəllim işlədiyini, tələbələri ilə onlayn məşqlər keçdiyini söyləyir: "Tələbələr arasında bina evində yaşayanlar bu məşqləri etməyə çətinlik çəkirlər. Bəzən internet zəif olur. Bir sözlə, idman zallarının bağlı qalması bizi çox əziyyətə salır".

Məşhur dietoloq Tutu Zeynalova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, pandemiya dövründə bir çox iş yerləri bağlı olduğundan, təhsil müəssisələri belə onlayn sistemə keçdiyindən insanlarda artıq çəki problemi yaranıb: "Bütün bunlar metabolizmə mənfi təsir edən amillərdir. İdman zallarının bağlı olması artıq çəki problemini bir qədər də artırdı. Amma mən hesab edirəm ki, idman zallarının bağlı olması bir qədər də bəhanədir. Hərəkət etmək üçün hər kəsin idman zalına getməsinə ehtiyac yoxdur. Təmiz havada yürüş etmək də idman sayılır".

T.Zeynalova bildirir ki, ən pis hallardan biri odur ki, pandemiya dövründə artıq uşaqlarda da artıq çəki problemi yaranıb:

"Bu da ürək-damar xəstliklərinə, hipertoniya, şəkərli diabet kimi xəstəliklərə yol açır. Artıq çəkidən xilas olmaq üçün insanlar ilk növbədə yuxu rejimini tənzimləməlidirlər. Xüsusilə gecə yuxusu çox önəmlidir. Bundan əlavə, fiziki aktivliyi artırmağın yollarını axtarmaq lazımdır. Hər gün piyada gəzintilər, parkda edə biləcəyimiz idman vasitələrinə üstünlük verilməlidir. Bununla yanaşı, qidalanmaya diqqət etmək lazımdır. Gündə üç dəfədən artıq yemək yeməmək tövsiyə olunur. Axşam saat 8-9-dək yemək qəbulunu dayandırmaq lazımdır. Şirin, qazlı, paketlənmiş hazır qidalardan, rafinə olunmuş məhsullardan uzaq durmaq, axşam saatlarında karbohidrat qəbul etməmək, keyfiyyətli proteinlə qidalanmaq lazımdır. Kimdə artıq çəki problemi varsa, mütləq həkim müayinəsindən də keçməlidir".

Qeyd edək ki, bu gün Azərbaycan Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Fərid Mansurov jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycanda koronavirus pandemiyası səbəbindən bağlanan idman qurğuları yaxın zamanda fəaliyyətini bərpa edə bilər. O bildirib ki, hazırkı durumu nəzərə alan nazirlik bununla bağlı təkliflərini Operativ Qərargaha təqdim edib:"Bir ildir pandemiya davam edir. Operativ Qərargah tərəfindən məşq zallarının bağlanması tələb olunub. Buna baxmayaraq, olimpiya idman növləri yarışlara hazırlıq məqsədilə qapalı məkanda məşqlərini davam etdirilər. Bəzi idmançılar var ki, onlar bu gün də fəaliyyətsizdirlər. Nazirlik tərəfindən Operativ Qərargaha təkliflər təqdim olunub. İnanırıq ki, yaxın günlərdə bu məsələ həllini tapacaq. Məşqlərin keçirilməsi, zalların açılması nazirliyin icazəsi ilə deyil, pandemiya qaydalarına uyğun Operativ Qərargahın verdiyi qərarlarla nizamlanır. İstəyirik ki, idmançılar məşqlərə, zallara qayıtsınlar".