BAKI, 5 mart — Sputnik. Martın 5-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ilə Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktay arasında telefon danışığı olub.
Nazirlər Kabinetindən (NK) Sputnik Azərbaycan-a verilən məlumata görə, Baş nazir Əli Əsədov Fuat Oktaya Türkiyə Silahlı Qüvvələrinə məxsus helikopterin qəzaya uğraması nəticəsində türk əsgərlərinin şəhid olması ilə əlaqədar başsağlığı verib.
Telefon danışığı əsnasında fevralın 19-da Ankarada keçirilmiş Azərbaycan-Türkiyə Hökumətlərarası Əməkdaşlıq Komissiyasının 9-cu iclasının yekunlarına dair imzalanmış Protokolun və Fəaliyyət Planlarının icrası ilə bağlı məsələlər müzakirə olunub.
Həmçinin Azərbaycanla Türkiyə arasında müxtəlif sahələrdə əlaqələrin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.