BAKI, 5 mart — Sputnik. Avropa Yayım Birliyi (EBU) "Avroviziya-2021" üçün hazırlanan dörd əsas ssenari arasında "B" planını seçməyə məcbur olub. Sputnik Azərbaycan xəbər verir ki, buna səbəb dünyada koronavirusun hələ də gündəmdə qalmasıdır. Müsabiqənin ənənəvi qaydada keçirilməsi mümkün olmadığı üçün təşkilatçılar bütün səylərini "B" planına yönəldiblər. Bununla da "Avroviziya-2021"ın necə təşkil ediləcəyi ilə bağlı yekun qərar verilib.
Bu barədə müsabiqənin icraçı məsləhətçisi Martin Österdahl məlumat yayıb.
"Müsabiqənin ruhu və ənənəsi Avropanı bir səhnədə birləşdirməkdir və biz buna Rotterdamda nail olmaq qərarındayıq. Bütün sənətçilərin Rotterdamda canlı ifa etdiyi təhlükəsiz bir yarışma keçirmək istəyirik", - deyə o bildirib.
Qeyd olunub ki, Azərbaycan təmsilçisi Samirə Əfəndi və digər iştirakçılar "Avroviziya-2021"dan 5 gün əvvəl Niderlanda gedərək karantində olacaqlar. Onlardan uçuşdan 72 saat əvvəl neqativ koronavirus test nəticəsini ("PCR" test - red.) təqdim etmələri tələb edilir. İfaçılar lazım olmadığı təqdirdə qaldıqları oteldən kənara çıxa bilməyəcəklər. Müsabiqənin bütün heyətindən mütəmadi olaraq test götürüləcək. Media mərkəzinə 500 nəfər dəvət ediləcək, rəqəmsal mühitə 1000 işçi cəlb olunacaq. Müsabiqənin keçirildiyi "Ahoy Arena"nın tutumu kiçildiləcək, 1,5 metr məsafəyə riayət olunacaq. Buna baxmayaraq, yarışda tamaşaçıların iştirak edib-etməyəcəyi barədə aprel ayının ortalarında məlumat veriləcək.
"Avroviziya-2021" beynəlxalq mahnı müsabiqəsi onlayn formatda keçiriləcək, nümayəndə heyətlərinin tərkibi və jurnalistlərin sayı ixtisar olunacaq. Mahnı müsabiqəsində tamaşaçıların olub-olmaması barədə qərar isə hələ qəbul edilməyib.
Yeni ssenari çərçivəsində hər bir nümayəndə heyətində iştirakçıların sayı əvvəlki müsabiqələrlə müqayisədə ixtisara salınacaq. Tədbirdə iştirak edəcək jurnalistlərin sayı isə 500 nəfərə qədər məhdudlaşdırılacaq, daha 1000 jurnalist isə müsabiqəni xüsusi mətbuat mərkəzindən işıqlandıracaq. S.Əfəndinin "Avroviziya-2021" mahnısı martın ikinci həftəsində elan olunacaq.