BAKI, 5 mart — Sputnik. Bu gün Şirvan Apelyasiya məhkəməsində Müharibədən əvvəl oğurluqda təqsirləndirilən qazi Aydın Ağazadənin məhkəmə qərarından dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protestinə baxılıb. Bu barədə Baş Prokrorluqdan Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib. Qeyd olunub ki, hakim Rafiq Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, prokurorun apellyasiya protesti təmin edilib, Cəlilabad rayon sakini Ağazadə Aydın Nəbi oğlu azadlığa buraxılıb.
Cəlilabad rayon məhkəməsinin 2 fevral 2021-ci il tarixli hökmü ilə Aydın Ağazadə Cinayət Məcəlləsinin 234.2 (satış məqsədilə narkotik maddələri daşıma), 177.2.1 (oğurluq; qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 177.2.3-cü (oğurluq; yaşayış sahəsinə qanunsuz daxil olmaqla törədildikdə) maddələri ilə təqsirləndirilərək 4 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Cinayət işi Baş Prokurorluğun rəhbərliyinin tapşırığı əsasında öyrənilərkən təqsirləndirilən şəxs Aydın Ağazadəyə elan edilmiş ittihamın məhkəmə istintaqı zamanı tam təsdiq edildiyi müəyyən edilib.
Bununla belə, təqsirləndirilən şəxs Aydın Ağazadənin Vətən uğrunda gedən döyüşlərdə iştirakı, göstərdiyi şücaətə görə dövlət təltiflərinə layiq görülməsi yüngülləşdirici hal kimi nəzərə alınmaqla, A.Ağazadənin cəzasının yüngülləşdirilməsi məqsədilə Baş Prokurorun müavini tərəfindən 12 fevral 2021-ci il tarixdə apelyasiya protesti verilib.