SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycan Prezidenti: "Ermənistanla bu səhifəni bağlamalıyıq"

Dövlət başçısı: "Müharibə dövründə ədalətsiz mövqe sərgiləyən ölkələrlə də münasibətlər normallaşır".
Sputnik

BAKI, 5 mart — Sputnik. Xarici siyasətlə bağlı kursumuz dəyişməz olaraq qalır. Müharibə dövrü və müharibədən sonrakı dövr bir daha göstərdi ki, bu, çox düzgün kurs idi. Müharibə dövründə bəzi ölkələr bizə qarşı müəyyən iradlar irəli sürdülər. Amma mənim cavabım nə oldu? Azərbaycan xalqı bunu bildi. Artıq bu iradlar da yoxdur.

Bunu Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev partiyanın VII qurultayındakı çıxışında ölkəmizin xarici siyasət kursunun uğurlarından danışarkən deyib.

Dövlət başçısı bildirib ki, artıq əsassız ittihamlar da aradan qaldırılıb. Hətta müharibə dövründə ədalətsiz mövqe sərgiləyən ölkələrlə də indi münasibətlər normallaşır.

“Onlar tərəfindən belə bir təklif irəli sürüldü, biz də bunu qəbul etdik. Biz indi anlayırıq ki, bəzi daxili səbəblər ola bilər. İndi bəzi yalan məlumatlar ola bilər. Hər halda, biz maraqlı deyilik ki, bu məsələni uzadaq. Mən demişəm, hətta Ermənistanla biz bu səhifəni bağlamalıyıq, vəssalam, qurtardı getdi. Biz heç vaxt Xocalı soyqırımını unutmayacağıq. Heç vaxt şəhidlərimizin qəhrəmanlığını unutmayacağıq. Amma biz şəhidlərimizin, o cümlədən Xocalı qurbanlarının qanını aldıq. Düşməndən qisasımızı döyüş meydanında aldıq. Xalqımızın böyüklüyünü bir daha göstərmək üçün hesab edirəm ki, əldə olunmuş qələbə bizi tam qane edir. Biz bundan sonra belə yaşamalıyıq. Biz şəhidlərimizin qanını yerdə qoymadıq, qisasımızı aldıq, düşməni cəzalandırdıq. Bütün dünyanın gözü qarşısında onlar bizim qabağımızda diz çöküblər, təslim olublar, ağ bayraq qaldırıblar və bundan sonra məğlub edilmiş ölkə damğası ilə əbədi yaşayacaqlar. Biz isə bundan sonra qürurlu xalq kimi və mübariz dövlət kimi yaşayacağıq”, - Prezident vurğulayıb.