SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Partiya sədrləri YAP-ın qurultayı barədə: taktiki və strateji qərarlar qəbul edilə bilər

Fəzail Ağamalı: "Milli dövlətçilik maraqlarını hər şeydən üstün tutan partiyalarla YAP-ın əməkdaşlığı hər zaman yüksək səviyyədə olub".
Sputnik

Elvin Səlimov, Sputnik Azərbaycan

BAKI, 4 mart — Sputnik. Martın 5-də hakim Yeni Azərbaycan Partiyasının qurultayının keçirələcəyi ilə bağlı xəbərlər yayılıb. Yayılan informasiyalarda o da qeyd olunub ki, bu dəfəki qurultayda partiyanın bir neçə nüfuzlu siması, keçmiş vəzifəli şəxslər partiya sıralarından uzaqlaşdırılacaq.

Cəmiyyətdə hakim partiyanın qurultayına olan maraq diqqəti digər parlament partiyalarına yönəldir. Bəs görəsən bu partiyaların YAP-ın hazırki fəaliyyətinə münasibətləri necədir? Onlar bu qurultaydan sonra YAP-ın fəaliyyətində hansı dəyişiklikləri görmək istəyirlər? Sputnik Azərbaycan mövzu ilə bağlı bir neçə parlament partiyasının rəsmi şəxsləri ilə danışıb.

Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı deyir ki, YAP ölkədə ən çox üzvü olan və eyni zamanda hakim partiya olduğu üçün burada gedən proseslər cəmiyyətdə həssaslıqla izlənilir.

Partiya sədri bildirib ki, YAP-ın bu dəfəki qurultayında zamanın tələblərinə uyğun olaraq yeniliklərin tətbiq ediləcəyini istisna etmir: "Gözlənilən dəyişikliklər Azərbaycanda gedən ictimai-siyasi proseslərə müsbət mənada təsir göstərəcək. Bu dəyişikliklərin iqtidar partiyasına və ümumilikdə idarəçilik sisteminə töhfə verəcəyini düşünürəm. YAP hakim partiya olaraq hər zaman cəmiyyətə açıq olub. YAP müxalifətdə olan partiyalarla siyasi dialoqa və əməkdaşlığa üstünlük verib. Milli dövlətçilik maraqlarını hər şeydən üstün tutan partiyalarla YAP-ın əməkdaşlığı hər zaman yüksək səviyyədə olub. Bu səpkidə hakim partiyanın təşəbbüsü ilə mühim işlər görülüb. Əminəm ki, bu ənənə və tendensiya bundan sonra da davam edəcəkdir".

Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa isə bildirib ki, YAP onlar üçün rəqib partiyadır və qurultayın hansı məqsədlə keçirilməsi haqqında məlumata malik deyil. O qeyd edib ki, qurultay başa çatandan sonra onun nəticələrindən danışmaq doğru olar:

"Hesab edirəm ki, hakim partiya yeni dövrün tələblərinə uyğun taktiki və strateji qərarlarını qəbul edəcək. YAP-ın keyfiyyətcə müəyyən gücdə olması Azərbaycan cəmiyyətində siyasi islahatların aparılmasına ciddi təsir göstərə bilər. Hakim partiya öz daxilində gedən prosesləri daha yaxşı bilir. Yeniləşmələr müsbət istiqamətdə cərəyan edərsə, bu, ümumi vəziyyətə də təsir göstərəcək. Amma qeyd etmək istərdim ki, hər yeniləşmə müsbət effekt vermir. Yeni çağın tələblərinə uyğun dünyagörüşü yetkin olan insanların partiyada aparıcı mövqeləri tutması ölkə siyasətinə də təsir göstərəcək".

Xatırladaq ki, YAP-ın sonuncu qurultayı 2018- ci ilin fevralın 8-də keçirilib.