TƏHLİL

Hakim partiya dəyişiklik ərəfəsində - YAP-ın qurultayından hansı gözləntilər var?

Ekspert: “YAP-ın həm siyasi ideoloji fəaliyyətində, həm də kadr heyətində çox ciddi islahatlara ehtiyac duyulur”
Sputnik

Elvin Səlimov, Sputnik Azərbaycan

BAKI, 4 mart — Sputnik. Martın 5-də Yeni Azərbaycan Partiyasının növbədənkənar qurultayının keçiriləcəyi ilə bağlı xəbər yayılıb. Xəbərdə qeyd olunub ki, qurultayda partiyanın tərkibinin yenilənməsi, eyni zamanda bir çox məşhur simaların partiyanın rəhbər orqanlarından uzaqlaşdırılması istisna edilmir.

Sputnik Azərbaycan YAP-ın üzvü, həmçinin partiyanın Milli Məclisdəki deputatı Ramil Həsənin qurultayla bağlı fikirlərini öyrənib.

Millət vəkili deyib ki, Yeni Azərbaycan Partiyasının qurultayının keçiriləcəyi ilə bağlı rəsmi açıqlama verilməyib.

YAP-ın qurultayı hansı zərurətdən keçirilir – millət vəkili açıqlayır

O bildirib ki, partiyanın Milli Məclisdə təmsil olunan 70-ə yaxın deputından biri, həm də sıravi üzvü kimi daxili nizamanaməyə uyğun olaraq partiya rəhbərliyi tərəfindən verilən əmri yerinə yetirməyə borcludur:

“Qurultayın hansı zərurətdən keçirilməsi haqqında fikir bildirmək üçün bu barədə rəsmi açıqlama olmalıdır. Partiyanın qurultayı nə vaxtsa keçirilməlidir. Bu ola bilsin ki, mətbuatda göstərilən tarixdə, ya da başqa bir vaxtda baş tutsun. Qurultayın keçirilməsinə zərurət və vaciblik baxımından onu qeyd edə bilərəm ki, Azərbaycanda prezident İlham Əliyevin rəhbərliyi və vitse-prezident Mehriban Əliyevanın xoşməramı ilə iştirak etdiyi islahatlar siyasəti uğurla davam edir. Xüsusilə də 44 günlük Vətən müharibəsindəki qələbədən sonra bu proseslər qaldığı yerdən sürətlə davam etməkdədir. Ona görə də, YAP-da da dövlətimizin və ölkənin siyasətinin müxtəlif sferalarında həmahənglik təşkil edə biləcək addımların atılması normal qəbul edilməlidir. Bu dünyanın bütün ölkələrində belədir. İnsanlar təqaüdə çıxır, yeni nəsil gəlir. Yəni bunlar zamanın axarına uyğun olaraq cərəyan edir demək doğru olar. Partiyanın sədri cənab prezident İlham Əliyevdir və onun verdiyi qərarlar, əmrlər partiyanın strukturları tərəfindən yerinə yetiriləcək”.

Millət vəkili deyir ki, hər yerdə yeniləşmə, yerdəyişmə yaşa dolduqca insanların təqaüdə çıxması kimi proseslər baş verir və bu siyasi mühitdə də belədir: “Bu hər kəs tərəfindən normal qarşılanmalıdır və elə də qarşılanır. Ölkəmizin inkişafına uyğun olaraq bu addımların atılması öz töhfələrini verəcəkdir”.

Siyasi ekspert: “YAP-da islahatları yaxına buraxmayanlar maneəyə çevriliblər”

Siyasi ekpsert Aydın Quliyev də deyir ki, YAP-ın qurultayının keçirilməsi ölkənin siyasi həyatında təsirli bir siyasi hadisə olacaq:

“Cəmiyyət və siyasi təşkilatların bu qurultaydan gözləntiləri var. YAP-ın həm siyasi ideoloji fəaliyyətində, həm də struktural fəaliyyətində və elitar kadr heyətində çox ciddi islahatlara ehtiyyac duyulur. Uzun zamandır ki, bu islahatlardan danışılır, ancaq YAP-ın daxilində bu islahatlar məsələsini yaxına buraxmayanlar partiyanın daxili inkişaf yollarında maneələrə çevriliblər. İlk növbədə rəhbər kadr heyətində dəyişikliklərə ehtiyac var. Bu dəyişikliklər partiyanın rayon təşkilat strukturlarından başlayaraq, rəhbər orqanlarına qədər aparılması labüddür. Ona görə ki, ölkənin sosial-iqtisadi xidmət sferasında böyük islahatlar və dəyişikliklər baş verib.  Açıq-aşkar görünür ki, YAP-ın təşkilati-siyasi fəaliyyəti ölkədə baş verən dəyişikliklərin tempindən geridə qalır. Ona görə də ölkənin ümumi islahat tempi ilə YAP-ın ayaqlaşması və bərabərləşməsinə ehtiyac var. Bu ehtiyacları da YAP-ın daxili islahatları ilə aradan qaldırmaq olar”.

Xatırladaq ki, YAP-ın sonuncu qurultayı 2018- ci ilin fevralın 8-də keçirilib.