CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakı metropoliteni barədə yeni xəbər var

Mühüm məsələlərdən biri kimi, maşinist heyətinin və digər aidiyyəti işçi personalının peşə vərdişlərinin yoxlanılaraq dövrü qiymətləndirilməsi də təmin olunacaq.
Sputnik

 

BAKI, 3 mart — Sputnik. Metropolitenin bütün infrastrukturu yoxlanılacaq. Bu barədə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətindən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib.

COVID-19 virusu ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin qəbul etdiyi qərara müvafiq olaraq sərnişindaşıma fəaliyyətində yaranmış fasilə nəzərə alınmaqla, Bakı metropoliteninin bütün infrastrukturu normal iş rejimi şəraitində yoxlanılacaq.

Mart ayının 6-7-də həyata keçiriləcək tədbirlər çərçivəsində bütün metropoliten xətlərində qatarlar müəyyən edilmiş qrafikə uyğun qaydada hərəkət edəcək. Eyni zamanda hərəkətin təşkili, idarə olunması və nizamlanması, elektrik təchizatı, habelə digər mühəndis-texniki qurğu, avadanlıq və sistemlər adi iş rejimi vəziyyətinə gətiriləcək.

Tədbirin həyata keçirilməsində məqsəd optimal iş rejimi şəraitində metropolitenin infrastrukturunu, o cümlədən qeyd edilən sistem və qurğuların fəaliyyətini texniki-normativ tələblərə uyğun yoxlamaqla qiymətləndirməkdir.

Mühüm məsələlərdən biri kimi, maşinist heyətinin və digər aidiyyəti işçi personalının peşə vərdişlərinin yoxlanılaraq dövrü qiymətləndirilməsi də təmin olunacaq.

Bu tədbirlər Bakı metropolitenində sərnişindaşıma fəaliyyətinin daim hazır vəziyyətdə saxlanılmasına xidmət edir. Məlumat üçün onu da bildiririk ki, "COVID-19" koronavirus pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq edildiyi müddət ərzində Bakı metropolitenində sərnişindaşıma fəaliyyəti yalnız Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlar əsasında tənzimlənir.