CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Daha bir məktəb 1 həftəlik distant təhsilə keçdi

Bakı şəhəri Qaradağ rayonu Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında məktəbdə əyani tədris prosesi müvəqqəti olaraq dayandırılıb.
Sputnik

BAKI, 3 mart — Sputnik. Paytaxtdakı 106 nömrəli tam orta məktəbin fəaliyyəti distant təhsil formasında davam etdiriləcək.

Bakı şəhər Təhsil İdarəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisində yerləşən 106 nömrəli tam orta məktəbdə 2 nəfər laborant, 1 nəfər uşaq birliyi təşkilatı rəhbəri və 1 nəfər direktor müavininin COVİD-19 testi pozitiv çıxıb. Bu səbəbdən Bakı şəhəri Qaradağ rayonu Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında məktəbdə əyani tədris prosesi müvəqqəti olaraq dayandırılıb. Bununla əlaqədar məktəbin fəaliyyəti 7 günlük müddətinə təxirə salınıb və dərslərin distant formada tədris olunması qərara alınıb.

Qeyd edək ki, hazırda təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”na uyğun olaraq təşkil edilir. Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur və müvafiq qaydaların icrası ilə bağlı mütəmadi monitorinqlər aparılır. BŞTİ rəhbərliyi və İdarənin əməkdaşları da gündəlik məktəblərə gedir, tədrisin təşkili vəziyyəti ilə yerində tanış olurlar. Bütün bunlar şagird və valideynlərdə əminlik hissini artırır, ənənəvi tədrisə və müəllimlə canlı ünsiyyətə əsaslanan əyani dərs prosesinə maraq göstərənlərin faiz artımına təkan verir. İnanırıq ki, ümumi təhsil müəssisələrində ənənəvi tədrisin təşkili istiqamətində nəzərdə tutulan mərhələli tədbirlər cəmiyyətin birgə səyi ilə bundan sonra da uğurla reallaşdırılacaq.