MƏDƏNİYYƏT

Ancelina Coli Çörçilin əsərini satdı

Ancelina Colinin Britaniyanın sabiq baş nazirinin şəklini satmağa qərar verməsi fevralın əvvəllərində məlum olub. Aktrisa şəkli keçmiş əri Bred Pittlə birlikdə alıb.
Sputnik

BAKI, 3 mart — Sputnik. Məşhur Hollivud aktrisası Ancelina Coli Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçil tərəfindən çəkilmiş "Kutubiya məscidinin qüllələri" ("Tower of the Koutoubia Mosque") şəklini 11,5 milyon ABŞ dollarına (8,28 milyon funt-sterlinq) satıb.

Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir ki, Çörçil vaxtilə bu şəkli ABŞ-ın 32-ci prezidenti Franklin Ruzveltə hədiyyə edib.

Rəsmin qiyməti əvvəlcə 1,5-2,5 milyon funt-sterlinq (2-3,4 milyon ABŞ dolları) qiymətləndirilirdi. Bu, Çörçilin işləri üçün rekord qiymətdir. Şəkil Britaniya baş nazirinin İkinci Dünya Müharibəsi zamanı yaratdığı yeganə əl işidir. Rəsm 1943-cü ilin yanvarında Hitler əleyhinə koalisiyanın Kasablankadakı konfransının sonunda çəkilib. Çörçil Mərakeşdə ABŞ prezidenti Franklin Ruzveltlə gəzinti zamanı günəşin qürubunun təəssüratı altında bu mənzərəni yaradıb.

Alıcının şəxsiyyəti açıqlanmır.

Ancelina Colinin Britaniyanın sabiq baş nazirinin şəklini satmağa qərar verməsi fevralın əvvəllərində məlum olub. Aktrisa şəkli keçmiş əri Bred Pittlə birlikdə alıb. Coli və Pittin incəsənət əsərlərinin kolleksiyası təxminən 25 milyon ABŞ dolları dəyərində qiymətləndirilir.