QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Doğulduğu yer - Azərbaycan? Qarabağ ermənisinin pasportu Ermənistanda qalmaqal yaradıb

"Azərbaycan SSR deyil, DQR deyil, sadəcə Azərbaycan. İndi dostum deyir ki, nəhayət xəyal etdiyim vətəndaşlıq aldım və məlum oldu ki, mən Azərbaycandanam" - Arsen Karapetyan.
Sputnik

BAKI, 2 mart - Sputnik. Qarabağda doğulan Ermənistan vətəndaşlarının yeni pasportlarında doğum yeri hissəsinə “Azərbaycan” yazılmağa başlanılıb.

Sputnik Ermənistan xəbər verir ki, bu barədə Yerevan Ağsaqqallar Şurasının “Mənim addımım” fraksiyasından olan keçmiş üzvü, memar Arsen Karapetyan öz Facebook hesabında yazıb. 

Karapetyan qeyd edib ki, dostu 80-ci illərin ortalarında Ağdərədə (Mardakertdə) anadan olub. Daha sonra isə Rusiyada yaşayıb və hazırda Ermənistan vətəndaşlığı almaq üçün müraciət edib. Onun pasportunda doğum yeri kimi isə Azərbaycan göstərilib.

"Azərbaycan SSR deyil, DQR deyil, sadəcə Azərbaycan. İndi dostum deyir ki, nəhayət xəyal etdiyim vətəndaşlıq aldım və məlum oldu ki, mən Azərbaycandanam. Nədir bu?", - deyə Karapetyan sosial şəbəkədə yazıb.

Məsələ ilə bağlı Ermənistan polisinin pasport və viza şöbəsinin rəis müavini Məryəm Gevorkyan açıqlama verib.

"Bu vətəndaş Sovet İttifaqı dövründə anadan olub, Azərbaycan SSR-də anadan olub. Ermənistan Respublikasının pasportu səyahət sənədidir, beynəlxalq standartlara uyğundur, ona görə keçmiş SSRİ ölkələri üçün kodlar yoxdur. Başqa sözlə, əgər bir insan keçmiş SSRİ-nin bir ölkəsində anadan olubsa, onun doğulduğu yer pasporta ölkənin indiki adı ilə qeyd olunur, yəni Gürcüstan SSRİ deyil, Gürcüstan", - deyə Məryəm Gevorkyan bildirib.

O əlavə edib ki, "bu, köhnə təcrübədir". 

Qeyd edək ki, Arsen Karapetyan şərh bölümündə dostunun doğulduğu yerin "Azərbaycan SSR" kimi göstərildiyi Rusiya pasportunu da yerləşdirib.