CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

AZAL-dan ləğv edilən reyslərin aviabiletlərlə bağlı açıqlama

COVID-19 pandemiyası səbəbindən "Buta Airways" aviaşirkətinin ləğv edilən reyslərinin biletlərini alan sərnişinlər, tariflər arasındakı fərqi ödəyərək, həmçinin həmin biletləri AZAL-ın xüsusi reyslərinə yenidən rəsmiləşdirə bilərlər
Sputnik

BAKI, 2 mart — Sputnik. "Azərbaycan Hava Yolları"çoxsaylı sorğuları nəzərə alaraq Azərbaycanın milli aviadaşıyıcısı COVID-19 pandemiyası səbəbindən ləğv edilən reyslərin aviabiletlərinin yenidən təxsis edilməsi şərtləri barədə məlumat verib. Sputnik Azərbaycan-a verilən məlumata görə, "Azərbaycan Hava Yolları" və "Buta Airways" aviaşirkətlərinin ləğv edilən reyslərinin biletlərini alan sərnişinlərə həmin biletləri aviadaşıyıcıların hazırda yerinə yetirilən xüsusi reyslərinə yenidən təxsis etməyə icazə verilir.

Belə ki, "AZAL" sərnişinlərinə, uçuş tarixini dəyişməklə, lakin əvvəlki hərəkət marşrutunu saxlamaqla, bileti ödənişsiz yenidən rəsmiləşdirmək təklif olunur. Tariflər arasındakı fərqi ödəyərək sərnişinlər aviaşirkətin bütün hazırkı istiqamətləri üzrə uçuş marşrutunu dəyişə bilərlər.

COVID-19 pandemiyası səbəbindən "Buta Airways" aviaşirkətinin ləğv edilən reyslərinin biletlərini alan sərnişinlər, tariflər arasındakı fərqi ödəyərək, həmçinin həmin biletləri AZAL-ın xüsusi reyslərinə yenidən rəsmiləşdirə bilərlər.

"Buta Airways" aviaşirkətinin ləğv edilən reyslərinin biletlərini alan sərnişinlər həmin biletləri əlavə ödəniş etmədən, aşağıbüdcəli aviaşirkətin hazırkı xüsusi reyslərinə (istənilən istiqamət) yenidən təxsis edə bilərlər.

"AZAL" və "Buta Airways" sərnişinləri biletlərin dəyişdirilməsi üçün müvafiq olaraq callcenter@azal.az və callcenter@butaairways.az ünvanları vasitəsilə, həmçinin müvafiq olaraq https://help.azal.az/hc/az/requests/new və https://help.butaairways.az/hc/az/requests/new linkləri ilə geri əlaqə forması vasitəsilə aviaşirkətlərin çağrı mərkəzlərinə və ya aviabiletlərin alındığı yer üzrə müraciət edə bilərlər.

Hər iki aviaşirkətin sərnişinləri yalnız bir dəfə aviabileti ödənişsiz yenidən təxsis edə bilər.

Aviabiletin dəyərinin qaytarılmasına alternativ olaraq vauçer formasında sənəd təklif olunur. Həmin vauçeri ilkin aviabiletin əldə edildiyi tarixdən iki il ərzində istifadə etmək mümkündür.

Vauçer "AZAL" və "Buta Airways" aviaşirkətlərinin bütün istiqamətləri üzrə biletlərin alınması üçün etibarlıdır.