QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

ABŞ konqresmeni: Uzunmüddətli sülh bütün dünyanın marağındadır

ABŞ və Azərbaycanın 1992-ci ildə, Xocalı faciəsi ilə eyni ildə diplomatik əlaqələr qurduğu, o dövrdən etibarən Azərbaycanın terrorçuluqla müharibədə əsas tərəfdaş olduğu, iki ölkənin ticarət və investisiya əlaqələrinə malik olduğu qeyd edilir.
Sputnik

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 27 fevral — Sputnik. ABŞ Konqresinin nüfuzlu üzvlərindən olan, Konqresin Azərbaycan üzrə İşçi Qrupunun həmsədri Robert Aderholt (Respublikaçı – Alabama) Xocalı qətliamının ildönümü ilə əlaqədar bəyanatla çıxış edib.

Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Respublikasının ABŞ-dakı səfirliyindən məlumat verilib.

Bəyanatda, 1992-ci ildə Xocalıda qətlə yetirilmiş yüzlərlə azərbaycanlının xatirəsinin yad edilməsinə çağırılır. 1980-ci illərin sonunda Ermənistanla Azərbaycan arasında silahlı münaqişə başlanandan etibarən, Xocalı faciəsinin yüzlərlə insanın həlak olduğu, ailələrin məhv edildiyi və şəhərin dağıldığı ən pis gün olduğu vurğulanır.

2020-ci ildə Ermənistanla Azərbaycan arasında döyüşlərdən sonra, son 30 il ərzində sülhün qarşısında mövcud olan maneələrin aradan qaldırılması üçün ümid yarandığı və dua edildiyi Konqres üzvü tərəfindən diqqətə çatdırılır. Uzunmüddətli sülhün, təhlükəsizliyin və regional əməkdaşlığın bütün Cənubi Qafqaz bölgəsi və dünyanın marağında olduğu bildirilir.

ABŞ və Azərbaycanın 1992-ci ildə, Xocalı faciəsi ilə eyni ildə diplomatik əlaqələr qurduğu, o dövrdən etibarən Azərbaycanın terrorçuluqla müharibədə əsas tərəfdaş olduğu, iki ölkənin ticarət və investisiya əlaqələrinə malik olduğu qeyd edilir.

Bu faciənin ildönümünün qətlə yetirilmiş bütün kişi, qadın, uşaqların xatırlanması, habelə belə amansızlıqların yenidən baş verməməsi baxımından birgə işləmək üçün uyğun zaman olduğu diqqətə çatdırılır.

Qeyd edək ki, 1997-ci ildən ABŞ Konqresinin üzvü olan Robert Aderholt, ABŞ-ın xaricə yardımı üzrə ixtisaslaşmış olduqca nüfuzlu Təxsisatlar Komitəsinin üzvü, eləcə də Avropada Təhlükəsizlik və Əməkdaşlıq Komissiyasının (Helsinki Komissiyası) komissarıdır.

Bəyanatın Konqresdə qeydiyyata alınmış ingilis dilində mətni ilə bu internet səhifəsində tanış olmaq mümkündür.