CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Əlilliyin qiymətləndirilməsi ekspert-vətəndaş təması olmadan aparılır - Agentlik sədri

"Elektron sistem belə qurulub ki, göndəriş qiymətləndirmə üçün ekspertlərə yönləndiriləndə göndərişdə onun kimə aid olması, hansı səhiyyə müəssisəsinin göndərişi olduğu qətiyyən bilinmir"
Sputnik

 

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 27 fevral — Sputnik. Azərbaycanda əlilliyin qiymətləndirilməsi ekspert-vətəndaş təması olmadan aparılır. Sputnik Azərbaycan-ın məlumatına görə, bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Cavid Əbdül-Qədirov söyləyib. Onun sözlərinə görə, əlilliyin qiymətləndirilməsi vətəndaş-ekspert təması olmadan, elektron infrastruktur üzərindən həyata keçirilir: "Bu forma bu sahədə şəffaflığın təmin edilməsində, xoşagəlməz halların qarşısının alınmasında ən doğru üsuldur.

Vətəndaş əlillik vəziyyətinə məruz qalıbsa və istəyirsə ki, ona əlillik dərəcəsi verilsin, bunun üçün ilk növbədə yaşayış yeri üzrə qeydiyyatda olduğu səhiyyə müəssisəsinə (poliklinikaya) müraciət etməlidir. Səhiyyə müəssisəsinin həkim komissiyası onu müayinə edir və əgər onun əlilliyinin qiymətləndirilməsinə əsas varsa, bu barədə Forma 88 adlanan göndəriş tərtib edərək müvafiq elektron sistemə daxil edir. Bundan sonrakı mərhələ Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə aiddir.

Tibbi-sosial ekspertiza xidməti isə yalnız həmin göndəriş əsasında şəxsə əlillik dərəcəsi verilib-verilməməsinə dair qərar verir. Elektron sistem belə qurulub ki, göndəriş qiymətləndirmə üçün ekspertlərə yönləndiriləndə göndərişdə onun kimə aid olması, hansı səhiyyə müəssisəsinin göndərişi olduğu qətiyyən bilinmir. Yəni ekspertlərimiz yalnız göndərişdəki məlumatları görürlər. Beləliklə, bu proses tam obyektiv və şəffaf həyata keçirilir. Bununla əlilliyin qiymətləndirilməsində subyektiv yanaşma və kənar müdaxilə riski tam aradan qalxmış olur".