BAKI, 27 fevral — Sputnik. Fevralın 24-də Bakı şəhərinə 12 saatdan çox yağan güclü qardan sonra Bakı Şəhər İcra Hakimiyyətinin kommunal xidmətləri tərəfindən operativ tədbirlər həyata keçirilir. İstər gecə, istərsə də səhər saatlarında şəhərin prospekt, küçə və yolları kommunal xidmət əməkdaşları tərəfindən təmizlənib.
İcra Hakimiyyətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, səhər saatlarından etibarən paytaxtın kommunal xidmətləri şəhərin müxtəlif ərazilərində operativ təmizlik işlərinin həyata keçirilməsinə başlayıblar. Kommunal xidmətlərin avtonəqliyyat vasitələri və əməkdaşları tərəfindən prospekt və küçələrin kənarlarının çirklənmədən təmizlənməsi, səki kənarları, bordyurların və buradakı işıq dirəklərinin yuyulması, yol kənarlarına yığılan çirkabın təmizlənməsi həyata keçirilib. Küçə və prospektlərdə yerləşən ictimai iaşə və digər obyektlərin fasad və vitrinləri təmizlənib.
Eyni zamanda, Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Trestinin əməkdaşları yol kənarlarındakı yaşıllıq zolaqlarını yuyaraq təmizləyib, sınmış ağaclar budanıb, digər lazımı işlər həyata keçirilib.
Təmizlik işləri gün ərzində paytaxtın bütün rayonlarında aparılır və görülən işlər Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən nəzarətdə saxlanılır.