CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanlı rəssam öz əsərini Ərdoğana hədiyyə edib

Rafiq Əziz Türkiyə Cümhuriyyəti Zərbxanası tərəfindən bu günə kimi basılmış 8 Gümüş Xatirə yubiley pulunun eskiz və dizaynın müəllifidir
Sputnik

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 27 fevral — Sputnik. Ötən gün Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğanın doğum günü münasibətilə Azərbaycan xalqı adından İstanbulda yaşayan soydaşımız, Əməkdar İncəsənət xadimi, professor Rafiq Əziz əsərini təqdim edib.

Ərdoğan: "İllər keçsə də, Xocalının ağrısını unutmayacağıq"

Bu barədə Sputnik Azərbaycan-a danışan rəssamın sözlərinə görə, o, "1071 Malazgirt Meydan savaşı" adlı yağlı boya əsərini Rəcəb Tayyib Ərdoğana hədiyyə edərək onu təbrik edib: "Görüş İstanbulun Üsküdar bələdiyyəsi, "Üçüncü Nevməkan"ın açılışında təşkil olunub. Görüşdə Azərbaycanın İstanbuldakı baş konsulu Nərminə Mustafayeva, Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın, professor Numan Kurtulmuş, İstanbul valisi Ali Yerli Kaya, Üsküdar Bələdiyyə başçısı Hilmi Türkmən və digər rəsmi şəxslər iştirak ediblər".

Mərasimdə Prezident Ərdoğan Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar bir daha Azərbaycan xalqına başsağlığı verib, hər platformada daim Azərbaycanın yanında olduğunu bir daha vurğulayıb.

Məlumat üçün bildirək ki, Rafiq Əziz uzun illərdir Türkiyədə yaşayır. Müxtəlif ölkələrdə təşkil edilən 19 fərdi sərginin müəllifidir. 160-dan çox qrup sərgisində (müxtəlif ölkələrdə) iştirak edib. Türkiyənin dövlət muzeylərində onun 170-dən çox tarixi mövzuda yağlı boya rəsm əsərləri saxlanılır. Türkiyə Cümhuriyyəti Zərbxanası tərəfindən bu günə kimi basılmış 8 Gümüş Xatirə yubiley pulunun eskiz və dizaynın müəllifidir.